Sovet dönəmində tikilən çoxmənzilli binaların sökülməsi hər zaman aktual məsələ olub. Artıq istismar müddəti bitmiş “xruşşovka” adlandırılan panel beşmərtəbəli binalarda aşınma prosesi ildən-ilə güclənir. Bir neçə il öncə bu tip tikililərin söküntüsünə start verilsə də, bir müddət sonra proses büdrədi və “xruşşovka”ların söküntüsü dayandırıldı.
Xatırladaq ki, 2016-cı ildə dövlət səviyyəsində istismar müddəti keçmiş binaların sökülməsi və yerində yeni binaların tikilməsi üçün konsepsiya hazırlanıb. Lakin istismar müddəti bitmiş binaların sökülməsi ilə bağlı konsepsiya və aidiyyəti qurumların rəyi olmasına baxmayaraq, qəzalı binalarda yaşayış hələ də var.
Məlumat üçün bildirək ki, Bakıda istismar müddəti bitmiş 108 bina var. Qəzalı vəziyyətdə olan 108 binanın sakinləri qorxu içində yaşayırlar.
“Normalda panel binaların maksimum istismar müddəti təqribən 40-50 ildir, ancaq bu müddət artıq çoxdan bitib”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, istifadə müddəti bitmiş binaların sayı kifayət qədər olsa da, onlarla bağlı heç bir iş görülmür: “İstismar müddəti bitmiş binalarda hər hansı seysmik hadisə və ya zəlzələ nəticəsində risqlər olduqca yüksəkdir, hər an uça bilərlər. Adi vəziyyətdə belə həmin binaların təhlükəlilik səviyyəsi 15 faizdir. Binanın istifadəsi onun layihəsindən və sonradan orada aparılan hər hansı rekonstruksiya, yaxud restavrasiya işlərindən asılıdır. Məsələn, paytaxtda əksər binaların birinci mərtəbəsi qeyri-yaşayış obyektlərinə çevrilib. Həmin binalarda təyinatdəyişmə zamanı əsas dayaq və ötürücü sütunlara çox ciddi ziyan dəyib. Onu da deyim ki, normalda panel binaların maksimum istismar müddəti təqribən 40-50 ildir, ancaq bu müddət artıq çoxdan bitib”.
Günel CƏLİLOVA