Masallı Tarix-Diyarşünaslıq Muzeyində Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş “Tarix yazan igidlərimiz” adlı dəyirmi masa keçirildi. Rayon gənclərinin, mədəniyyət işçilərinin və müharibə iştirakçılarının qatıldığı tədbir İkinci Qarabağ savaşında torpaq uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla başlandı.
Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva istər birinci Qarabağ, istərsə də Vətən müharibəsi dövründə dövlət və xalq birliyindən geniş söhbət açdı.
Sonra Vətən müharibəsi iştirakçıları Fərrux Xansuvarov və Fərid Nəzərov çıxışlarında cəbhə xatirələrindən bəhs etdilər, eləcə də dövlət tərəfindən şəhid ailələrə və sağlamlığını Vətən yolunda qoyan qazi qardaşlara qayğı ilə yanaşdığını səmimi şəkildə bildirdilər.
Vətən müharibəsi iştirakçıları ilə xatirə fotoları çəkilməklə tədbir başa çatdı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü