Bu günlərdə Lənkəran şəhərində “Azərbaycanın Cənub bölgəsinin mətbəx mədəniyyəti” adlı respublika elmi-praktiki konfransı keçirildi. Konfrans Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Lənkəran Regional Mədəniyyət İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Lənkəran Turizm İnformasiya Mərkəzi tərəfindən təşkil olunmuşdu. Burada əsas məqsəd Azərbaycanın Cənub bölgəsinin milli mətbəx mədəniyyətinin dərindən araşdırılması, eləcə də onu ictimaiyyətə və gənc nəslə çatdırmaq idi.
Lənkəran Dövlət Universitetinin rektor müşaviri, texnika üzrə elmlər doktoru, dosent Mikayıl Məhərrəmovun sədrliyi ilə keçən konfransın iştirakçıları öncə ulu öndər Heydər Əliyevin Lənkəranda ucaldılan abidəsini və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra “Lənkəran mətbəxi uşaqların gözü ilə” rəsm sərgisinə baxdılar.
Elmi konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, Lənkəran Dövlət Universitetinin, Azərbaycan Turizm və Menencment Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri məruzələrlə çıxış etdilər.
Cənub mətbəx mədəniyyəti festivalı ilə müşayiət olunan konfransda səslənən elmi məruzələrin kitab şəklində çap ediləcəyi bildirildi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü