Lerik rayonunun ucqar dağ kəndi olan Çayrudda əhalinin indi ən çox getdiyi yer mədəniyyət-istirahət parkidır. Kəndin mərkəzində yerləşən, 1,2 hektar sahəni əhatə edən park bu günlərdə istifadəyə verilib.
Parkın yaranma tarixi 1937-ci ildən başlanır. İlk dəfə burada müxtəlif növ ağaclar əkilib. Ərazisi də 0,8 hektar olub. Sonra, yəni 1989-cu ildə ərazi park şəklinə salınıb və Böyük Vətən müharibəsində iştirak edən 112 nəfər çayrudlunun xatirəsinə “Əbədi yaddaş” abidəsi ucaldılıb.
Çayrud mədəniyyət-istirahət parkının yenidən bərpa-tikinti işlərinə qonşu kəndlərin sakinləri də qoşulmaqla ötən ilin aprel ayında başlanıb. Lazım olan bütün xərclər kənd camaatı, respublikada və xaricdə yaşayan çayrudlular tərəfindən ödənilib. Tikinti-bərpa işlərinə 100 min manatdan artıq vəsait xərclənib.
Parkdakı abidə kompleksində 221 nəfər Lerik şəhidinin adı yazılan 4X3 metr ölçüdə mərmər lövhə yaradılıb. Birinci Qarabağ müharibəsində Çayrud kəndi 4, İkinci Qarabağ müharibəsində isə 2 şəhid verib. Ümumilikdə hər iki müharibədə 120 nəfər kənd sakini iştirak edib.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü