Məişət zorakılığı qadınların və uşaqların ailə daxilində yaxınları, ataları, qardaşları, həyat yoldaşları və s. tərəfindən psixoloji, maddi-mənəvi, iqtisadi-sosial, fiziki təzyiqlərə məruz qalmasıdır.
Yəni qadın və uşaqlar ailədə döyülür, söyülür, ac saxlanılır, psixoloji təzyiqlərə məruz qalır. Çox acınacaqlı vəziyyətdir ki, ölkədə ictimai qınaq da bu sahədə öz işini görmür.
Ölkəmizdə məişət zorakılığından əziyyət çəkənlərin sayını azaltmaq üçün qanunvericilikdə dəyişiklik olacaq. Yəni Azərbaycanda məişət zorakılığı törədən şəxslərin cəzaları sərtləşdiriləcək. Bununla bağlı yeni təkliflər layihəsi hazırlanıb. Layihənin məqsədi məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasıdır. Layihə yaxın vaxtlarda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılacaq.
Maraqlıdır, yeni qanun məişət zorakılığının qarşısını ala biləcəkmi və cəzalar hansı həddə kimi sərtləşdirilə bilər?
“Cinsi zorakılığı tətbiq edənlərə qarşı 5 ildən 15 ilə qədər cəza nəzərdə tutulsa yaxşı olar”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli qeyd etdi ki, öncə məişət zorakılığının nədən yarandığı aydınlaşdırılmalıdır. Münaqişə ikitərəflidirsə, yəni burada iki nəfər – qadın və kişi iştirak edirsə, yalnız bir tərəfi dinləməklə problemi aradan qaldırmaq mümkün deyil: “Ailə birgəyaşayışa davam edə bilər, ya yox, aydınlaşmalı və buna uyğun qərar verilməlidir. Birgəyaşayışın mümkünsüzlüyü bəlli olarsa, bu haqda polisə məlumat verilməli və uzaqlaşdırma qərarı alınmalıdır. Mühafizə orderi verildikdən sonra da o şəxslərlə iş davam etdirilməlidir. QHT-lərə status verilməlidir ki, rəy təqdim etsinlər və bu rəy məhkəmə predmeti olsun. Bu məsələlərdə qeyri-hökumət təşkilatlarının təcrübəsindən istifadə edilməlidir”.
Birlik sədri, məişət zorakılığı ilə bağlı cəzaların sərtləşdirilməsinə gəlincə, bildirdi ki, Cinayət Məcəlləsində cərimələr də ola bilər, azadlıqdan məhrumetmədə də ağırlaşdırılmış əlamətlərlə məsuliyyət nəzərdə tutula bilər: “Məişət zorakılığı müxtəlif olur: yüngül və ağır xəsarət yetirmə, qətl hadisəsi olur. Hər birinə də uyğun yəqin cəzalar müəyyən olunacaq. İndi bilmirəm bu layihədə məişət zorakılığı ayrıca nəzərdə tutulub, yoxsa məişət zorakılığı ağırlaşdırılmış hal kimi nəzərdə tutulub. Məsələn, zərərçəkmişin köməksiz vəziyyətindən istifadə edərək cinayətin törədilməsi ağırlaşdırılmış haldır. Ola bilər ki, belə əlamətlər daxil edilsin ağırlaşdırılmış hallara, yaxud da məişət zorakılığı ayrıca bir maddədə verilsin”.
Birlik sədrinin sözlərinə görə, cinsi zorakılığa qarşı cəza metodu daha sərt olarsa, yaxşı olar: “Yaxşı olar ki, cinsi zorakılığı tətbiq edənlərə qarşı 5 ildən 15 ilə qədər cəza nəzərdə tutulsun”.
Günel CƏLİLOVA