Rusiyada bir həftə qeyri-iş günü elan ediləcək. Belə ki, Rusiya prezidenti Vladimir Putin ölkədə 30 oktyabr-7noyabr tarixləri arasında qeyri-iş günlərinin tətbiq edilməsi təklifini dəstəkləyib. Məlumata görə, ən çətin epidemioloji vəziyyətə malik bölgələrdə qeyri-iş günləri daha əvvəl - oktyabrın 23-dən etibarən tətbiq oluna bilər.
Hökumət üzvləri ilə görüşdə dövlət başçısı qeyri-iş günlərində gündə 4 milyard rubl itirəcək biznesə dəstək tələb etdi.
Prezident xalqa müraciət edərək, peyvənddən imtina etməyi qəribə adlandırdı və vətəndaşları aktiv şəkildə vaksin vurdurmağa çağırdı: “Bu dövrü keçməyimizin yalnız iki yolu var; xəstələnmək və peyvənd olunmaq. Amma vaksin vurdurmaq daha yaxşıdır, niyə xəstəliyi və onun ağır nəticələrini gözləyək?”
Nəzərə almaq lazımdır ki, son zamanlar ölkəmizdə də koronavirusa yoluxma sürətlə artır. Belə bir ərəfədə ölkəmizdə də sərt karantin rejimi və ya bir neçə günlük qeyri-iş günləri tətbiq edilə bilərmi?
“Havaların getdikcə soyuması koronavirusa yoluxan insanların sayının artmasına təkan verib”
Tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə bildirdi ki, vaksinasiya prosesinin intensivləşməsinə baxmayaraq, son günlər Azərbaycanda COVİD-19-a yoluxanların sayında artım baş verib: “Məktəbəqədər təhsil müəssisələrinin, məktəblərin, universitetlərin açılması qapalı məkanlarda olan insanların say artımına səbəb olub. Digər tərəfdən, havaların getdikcə daha da soyuması koronavirusa tutulan insanların sayının artmasına təkan verib. Belədə, son zamanlar virusa yoluxmada yüksəlmə tendensiyasını müşahidə edirik. Kritik durum özünü oktyabrın sonu və noyabrın əvvəllərində göstərəcək. Bu dövr ərzində yoluxmada artımlar olacaq”.
Həmsöhbətimiz hesab edir ki, hazırki şəraitdə karantin tədbirlərinin daha da sərtləşdirilməsinə ehtiyac yoxdur: “Sərt karantin tədbirləri psixoloji cəhətdən insanlara pis təsir göstərir. Onu da nəzərə almaq lazımdır ki, ötən il iki dəfə sərt karantin tədbirləri oldu, hər dəfə edilən yumşalma fonunda virusa yoluxmada artım baş verdi. Yəni sərt karantin tədbirləri də müvəqqəti xarakter daşıyır”.
Günel CƏLİLOVA