Kirayə mənzil bazarında dələduzluğun yeni növü - kartınızdan pul çıxaracaqlar…

Ramil Osmanlı: “Ucuz mənzili əldən vermək istəməyən müştəri tez karta pul köçürür və nəticədə…”

img

Son dövrlərdə elan saytları vasitəsilə kirayə ev axtaranlar fırıldaqçıların qurbanına çevrilir. Belə ki, ev elanı yerləşdirilən saytlarda özünü ev sahibi kimi təqdim edən şəxslər mənzilləri nisbətən ucuz qiymətə təklif edirlər

. Qiymətin ucuz olduğunu görən müştəri fırıldaqçının qurbanına çevrilir. Müştəri aldadıldığının fərqinə varmadan elanda yerləşdirilən nömrə ilə əlaqə saxlayır. Onu da qeyd edək ki, bu işlə məşğul olanlar əksər hallarda xarici nömrədən istifadə edir. Fırıldaqçılar bəhanələr gətirərək müştəridən beh istəyir. Ucuz mənzili əldən vermək istəməyən müştəri tez karta pul köçürür. Və beləliklə, ucuz kirayə mənzil axtarışında olan şəxs həmin maklerlərin qurbanı olur.

  • “Vətəndaşlar bu məsələdə diqqətli olmalı, ən azından qarşı tərəfin fəaliyyəti ilə yaxından tanış olmadan ona ödəniş etməməlidirlər”

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki, vətəndaşlar bu məsələdə maksimum dərəcədə diqqətli olmalıdır: “Bunun əsas səbəblərindən biri əsasən kirayə ev götürmək istəyən vətəndaşların bir çox hallarda ərazi üzrə ev axtararkən paytaxtdan kənarda olmalarıdır. Bu zaman qarşı tərəflə əlaqə yaradarkən deyilir ki, beh qoymaq lazımdır. Behin də göndərilməsi üçün vəsaitin müəyyən kart hesabına köçürülməsi təklif edilir. Arada heç bir rəsmi müqavilə olmadığı üçün sonradan pulu alan şəxs yoxa çıxır və onunla əlaqə saxlamaq mümkün olmur. Hesab edirəm ki, vətəndaşlar bu məsələdə diqqətli olmalı, ən azından qarşı tərəfin fəaliyyəti ilə yaxından tanış olmadan ona ödəniş etməməlidirlər. Bu, həmçinin, kifayət qədər ciddi problemlərin də yaranmasına gətirib çıxarır. Bəzi hallarda hətta tərəflər arasında qarşıdurmaya qədər gedib çıxır”.

Son olaraq bildirək ki, fərdi olaraq elan saytları vasitəsilə kirayə mənzil axtaranlar yanlışlığa yol verir. Yaxşı olar ki, kirayə mənzil axtarışında olan şəxslər bu işlə peşəkar şəkildə məşğul olanlara müraciət etsin.

Günel CƏLİLOVA

Son xəbərlər