“Torpaq da yaxşı, münbit torpaqdır. İndi aparılan şum, səpin, əkin o məqsədi güdür ki, vaxt itirməyək, bu torpağı artıq diriliyə gətirək. Ona görə camaat qayıdandan sonra, əlbəttə ki, yenidən bölgü aparılacaq”.
Bunu Prezident İlham Əliyev oktyabrın 17-də Füzuli şəhərinin Baş Planı ilə tanış olarkən deyib.
Prezident onu da əlavə edib ki, burada həyətyanı torpaqlar da nəzərdə tutulur: “Kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq".
Vüqar Bayramov: “İşğaldan azad kəndlərdə hər bir ailənin 12 sot torpağının olması onların əkinçiliklə məşğul olması üçün əlverişli fürsət olacaq”
Millət vəkili Vüqar Bayramov qeyd etdi ki, işğaldan azad kəndlərdə hər bir ailənin 12 sot torpağının olması onların əkinçiliklə məşğul olması üçün əlverişli fürsət olacaq: “Həmin ərazidə yaşayacaq əhalinin 12 sot torpağının olması həm həyatyanı torpaq sahəsinin olması, həm də kənd təsərrüfatının inkişafı baxımından əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş ərazilərin torpaqları olduqca məhsuldardır. Xüsusən Ağdam, Füzuli və digər rayonların torpaq fondu məhsuldardır. İşğaldan azad edilmiş kəndlərdə yaşayacaq ailələrin 12 sot torpağının olması ölkənin aqrar sektorunun inkişafına təkan verəcək”.
Natiq Cəfərli: “... həmin ailələrin sosial durumunun inkişaf etməsinə səbəb olacaq”
İqtisadçı Natiq Cəfərli bildirdi ki, işğaldan azad edilən kəndlərdə hər bir evin 12 sot torpağının olması həmin ailənin sosial durumunun inkişaf etməsinə səbəb olacaq: “O ailələr öz həyətyani sahələrində sərbəst şəkildə əkinçiliklə məşğul olacaq. Danılmaz faktdır ki, həmin ərazilərin torpağı münbitdir. Əkilən istənilən məhsul yüksək nəticə göstərəcək”.
Günel CƏLİLOVA