Cəlilabad rayon Mərkəzi Kitabxanasının növbəti musiqili tədbiri 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuşdu.
"Əbədi müstəqil Azərbaycan" adlı onlayn musiqili proqram olduqca maraqlı və yaddaqalan alındı. Kitabxananın əməkdaşı Zaur Hüseynov virtual izləyiciləri salamlayaraq dedi: - Azərbaycan öz dövlət müstəqilliyini ötən əsrin əvvəlində əldə etmişdir. 1918-ci ildə xalqımız Şərqdə ilk demokratik respublikanı yaratdı. Bu gün əldə etdiyimiz tarixi nailiyyətlər müstəqilliyin daha da əbədiliyinə, eləcə də iqtisadi və sosial inkişafın möhkəm bazasına çevrilməkdədir.
Tədbirin musiqili-bədii hissəsini Cəlilabad şəhər 2 saylı tam orta məktəbinin istedadlı şagirdləri gördülər. Belə ki, məktəblilər - Rüqəyya Qasımova, Aydan Camalova, Rüqəyya Süleymanova, Mirəyyub Əyyub, Bənövşə Hüseynli, Təzəgül Seyfullayeva, Pərvin Əsədli və Aysel Mahmudova ulu öndər Heydər Əliyevə, Vətənə həsr olunmuş şerlər dedilər, vətənpərvərlik mövzusunda bədii kompozisiyalar və şən musiqilər ifa etdilər.
Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Sadiq Qasımovun muğam ifası da maraqla qarşılandı.
Onu da bildirim ki, onlayn mədəniyyət tədbiri sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olundu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü