İkinci Qarabağ müharibəsində Vətən uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də mayor Ramil Mərdan oğlu Ağayevdir. Bu Vətən sevdalısı 20 dekabr 1984-cü ildə Lerik şəhərində dünyaya göz açmışdı. Uşaqlıqdan hərb sənətinə maraq göstərir. Odur ki, 2002-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbinə daxil olur, mükəmməl biliklə 26 iyun 2006-cı ildə həmin məktəbi başa vurur.
Ramil Ağayev qaynar bölgədə Vətəninin keşiyində durur. Torpağına-daşına ömür verməklə onu göz-bəbəyi kimi qoruyur. Qəlbi bir qayda olaraq düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə döyünür. Nəhayət 2016-cı ilin Aprel döyüşlərində yağı düşmənin başını müharibə meydanında əzməklə Vətənə olan sevgisini sübut edə bilir. Həm də göstərdiyi xüsusi qəhrəmanlığına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən kapitan Ramil Ağayevə vaxtından əvvəl mayor rütbəsi verilir.
İkinci Qarabağ müharibəsi başlanan gün mayor Ramil Ağayev torpaq naminə ağır döyüşlərə qatılır. Daim öndə vuruşmaqla Cəbrayılın alınmasında xüsusi qəhrəmanlıq göstərir. İgid Vətən oğlu dəfələrlə öz həyatını təhlükəyə ataraq düşmən nəzarətində olan yaralı çiyin yoldaşlarını müharibə meydanından çıxardır. Və sərrast atəşlı erməni faşistlərin 12 tankını sırada çıxardan, xeyli canlı qüvvəsini sarsıdan Ramil 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən qeyri-bərabər döyüşlərdə çəkinmədən polad sinəsini Vətənə tuşlanan güllələrə sipər edir...
Şərəfli ölümü ilə milyonların könlünə köç edən Ramil Ağayevin igidliyinə dövlətimiz də yüksək qiymət verir. Belə ki, ölümündən sonra onu Cəbrayılın, Füzulinin, Xocavəndin azad olmasına görə, “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” medallara, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenə layiq görür.
Bu günlərdə igid Vətən oğlunun doğulub boya-başa çatdığı, uyduğu yurd yerində anım mərasimi keçirildi. Demək olar ki, dağlar diyarının əksər hissəsi Raminin işığına gəlmişdi. Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailə üzvləri, şəhidin döyüş yoldaşları və ictimaiyyət nümayəndələri şəhidin ailə üzvlərinə dərin hüznlə baş sağlığı verdilər, gün ərzində məzarını ziyarət etdilər, üstünə tər gül dəstələri düzdülər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü