Bu gün bütün dünyada müzakirə olunan ən aktual və bir neçə qlobal məsələdən biri də ekoloji durum və ətraf mühitin mühafizəsidir. İçməli su amili isə ekologiyanın ən başlıca komponentlərindən biridir. Bu problem isə, bütün dünyada olduğu kimi, ölkəmizdə də mövcuddur.
Içməli su problemi Daşkəsən rayonunun Bayan kəndində də yaşanır. Belə ki, kənd sakinləri içməli suyun olmamasından şikayətlənirlər. Sakinlər bildirir ki, məişət tullantılarının atıldığı çayın suyundan istifadə etməyə məcbur olurlar.
Sakinlər bildirir ki, ərazidən axan çay sayəsində içməli suya olan tələbatlarını qarşılayırlar. İnsanları narahat edən əsas problem də məhz budur: “Çaydan qaba su doldurularkən pis qoxudan yaxın durmaq olmur. Çaya, məişət tullantıları ilə yanaşı, Daşkəsən rayonunun çirkab suları da axıdılar. Ancaq o qədər çarəsiz vəziyyətdəyik, su təminatını başqa cür həll edə bilmirik. Bu su ilə yuyunanların bədənində allergiya yaranıb. Problemlə bağlı aidiyyəti qurumlara müraciət etsək də, bizə hər hansı bir cavab verilməyib”.
“Kəndin mərkəzləşmiş su xətti olmadığı üçün uzun illər öncə kəndə təbii bulaqlardan su çəkilib”
Məsələ ilə bağlı Bayan kənd bələdiyyəsinin sədri Etibar Alıyev bildirdi ki, problem barədə onlara hər hansı bir müraciət daxil olmayıb: “Kənd sakinləri ilə mütəmadi görüşürük, onların problemləri ilə maraqlanırıq. Məlumat üçün bildirim ki, Bayam kəndi qədim kənddir. Kəndin mərkəzləşmiş su xətti olmadığı üçün uzun illər öncə kəndə təbii bulaqlardan su çəkilib. Həmin bulaqlar da kəndə məhəllə-məhəllə paylanıb. Kənd sakinləri hazırda həmin bulaqların suyundan istifadə edir. Sakinlərin içməli su problemi qısa müddət ərzində həll olunacaq”.
Günel CƏLİLOVA