Son zamanlar hazırlıq kurslarının fəaliyyəti ilə bağlı ən çox narazılıq sınaq imtahanı qiymətlərinin yüksək olması ilə bağlıdır. Qiymətlər yalnız Bakıda deyil, regionlarda da valideyn və təhsilalanları narahat edir.
Qiymətlər 15-20 manat arasında dəyişir. Maraqlıdır, hazırlıq kurslarının təşkil etdiyi sınaq imtahanlarında qiymətlərin yüksək olmasının səbəbi nə ilə bağlıdır? Ümumiyyətlə, sınaq imtahanlarında iştirak üçün qiymət kurslar tərəfindən necə təyin olunmalıdır?
“Vətəndaşların vəziyyəti nəzərə alınaraq sınaq imtahanlarının qiyməti 5 manata endirilsə, daha yaxşı olar”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki, hazırda yalnız Bakıda deyil, regionlarda da tədris mərkəzləri fəaliyyət göstərir: “Təəssüf ki, kurslarda sınaq imtahanlarına bilet qiymətləri ürəkaçan deyil, 10-15 manat arası dəyişir. Bu isə təbii ki, yolverilməzdir. Çünki imtahanlarda istifadə edilən kağızlar, digər çap xərcləri təxminən 1-1,50 manat civarındadır. Buna baxmayaraq, bir sıra kurslar imtahanları yüksək qiymətə təşkil edir. Belə olan halda kurslar daha çox qazanc əldə edir. Halbuki, o sualların hazırlanmasına bir o qədər xərc tələb olunmur. Sualların tərtibi ilə məşğul olan müəllim və texniki işçilərə də o qədər yüksək əmək haqqı ödənilmir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, hazırlıq kursları isə yalnız ay ərzində keçirilən mövzular üzrə imtahanlar təşkil edirlər, yəni tam hamısını əhatə etmir. Belə olan halda, hazırlıq kursları hər ay biri blok, digəri buraxılış imtahanı olmaqla iki dəfə imtahan keçirir: “Bir şagird bu imtahanların ikisində də iştirak etmək istəsə, hər ay minimum 20, maksimum 30 manat məbləğində ödəniş etməlidir. Bəzi kurslar bir imtahan qiymətini 8 manat təyin edir, ancaq bu qiymətin özü belə bahadır. Yaxşı olar ki, burada vətəndaşların vəziyyəti nəzərə alınsın, burada minimal məbləğ 5 manata endirilsin”.
Günel CƏLİLOVA