Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edib.
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına aşağıdakı məzmunda 2.5-7-ci və 2.6-1-ci bəndlər əlavə edilir:
- Hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:
- Argentina Respublikası; - Avstraliya İttifaqı; - Braziliya Federativ Respublikası; - Bruney Darüssalam; - Cənubi Koreya Respublikası; - Çili Respublikası; - Ekvador Respublikası; - Kamboca Krallığı; - Kosta Rika Respublikası; - Kuba Respublikası; - Küveyt Dövləti; - Qazaxıstan Respublikası; - Maldiv Respublikası; - Meksika Birləşmiş Ştatları; - Mərakeş Krallığı; - Monqolustan; - Monteneqro; - Norveç Krallığı; - Oman Sultanlığı; - Panama Respublikası; - Salvador; - Uruqvay Şərq Respublikası; - Yeni Zelandiya.
Bu Qərarda nəzərdə tutulan (2.4-cü, 2.5-2-ci, 2.5-6-cı, 2.5-7-ci, 2.5-1.1-ci, 2.5-4-1-ci və 2.5-5.1-ci bəndlər istisna olmaqla) COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.