Astara düyüsü artıq öz dadına, keyfiyyətinə görə alıcılar tərəfindən həvəslə alınır. İndi respublikamızın əksər satış obyektlərdə bu dəyərli ərzaq məhsulunun alıcısı çoxdur.
Sevindirici haldır ki, xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında da Astara düyüsünün sifarişçiləri var. Bütün bunlar rayonda gün-güzəranı torpaqla bağlı olan zəhmət adamların firavan həyat tərzinə də yaxşı təsir göstərir. Odur ki, indi rayonda adam tapılmaz ki, gəlirli və gərəkli sahə kimi təsdiqini tapan çəltikçiliklə məşğul olmasın. Artıq Astara cənub bölgəsinin ən iri çəltikçilik rayonu sayılır. Həm də burada daha çox xalqımıza məxsus olam bu qədim təsərrüfat sahəsini inkişafdan ötrü imkan və şərait məhsul istehsalçıları razı salır. Yəni becərməyə sərf olunan halal zəhmət üçqat öz bəhrəsini verir.
Cari mövsümdə rayonda 240,6 hektar sahədə çəltik əkilmişdi. Əkin əsasən rayonun Artupa, Səncərədi, Suparibağ, Kakalos, Ərçivan, Şiyəkəran, Pensər kəndlərdəki təsərrüfatları əhatə edirdi. Məhsul istehsalçıları əkin zamanı daha çox “Haşimi”, “Sədri”, “Xəzər”, “Okean” və “Həsəni” kimi düyü növlərinə üstünlük vermişdi. Məhsul yığımı kampaniyası başa çatıb və yayda havaların quraq keçməsinə baxmayaraq, sahələrdən 998,5 ton yüksək keyfiyyətli məhsul yığılıb. Hər hektarından götürülən məhsuldarlıq 41,5 sentnerə qalxıb. Bu, ölkə üzrə çəltik yığımında ən yüksək göstəricidir. Əldə olunan nəticə astaralı zəhmət adamlarında böyük sevinc yaradıb. Axı torpağın bu, varı yaşadığın yurd yerinin xoş güzəranıdır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü