Son günlər sosial şəbəkələrdə və vatsap qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd halları baş verir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hazırda vatsap qruplarında yayılan səs yazıları ilə bağlı araşdırma aparılır: “Bu tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır. DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.
Göründüyü kimi, sosial şəbəkədə yayılmış məlumatlar həqiqətə uyğun deyil. Maraqlıdır, insanlar nə səbəbdən belə bir şayiə yayıb valideynləri təşvişə salırlar?
“Bəzi şəxslər yaydıqlar dezinformasiya ilə əyləndiklərini düşünürlər, ancaq unudurlar ki, həmin məlumat valideynləri təşvişə salır”
Psixoloq Könül İsmayılova bildirdi ki, istənilən mövzu ilə bağlı cəmiyyətdə yalan məlumatların, şaiyələrin yayılması, sosial şəbəkələrdə bununla bağlı dezinformasiyaların tirajlanması yolverilməzdir: “Yalan məlumat yaymağın yolverilməz olduğunu dərk etmək lazımdır. Yayılan məlumatlar cəmiyyətdə təşviş, qorxu və kütləvi panika yaradırsa, o zaman bu informasiyaları tirajlamaqdan çəkinmək çox vacibdir. Yəni ilk növbədə ictimai məsuliyyət olmalıdır. Yayılmış məlumatda qeyd olunur ki, guya 3-4 nəfər şagirdi oğurlamaq istəyib. Maraqlıdır, belə bir hadisə baş veribsə, həmin məktəbin özündə və ərazidə nəzarət kamerası var. Həmin kamera ilə uşağı məktəbdən oğurlamaq istəyənlər aşkar oluna bilər. Hansı dövrdə yaşayırıq ki, kimsə sərbəst şəkildə məktəbin həyətindən uşağı oğurlasın? Bu cür yanlış məlumat yayanların psixikasında problem var. Təəssüf ki, bəzi insanlar sosial şəbəkədən əyləncə üçün istifadə edir. Onlar yaydıqlar dezinformasiya ilə əyləndiklərini düşünürlər, ancaq unudurlar ki, həmin məlumat valideynləri təşvişə salır. Aidiyyəti qurumlar sosial şəbəkələrdə yanlış məlumat yayanları aşkar edib onlara sərt cəza verərsə, gələcəkdə bu kimi hallar baş verməz”.
Günel CƏLİLOVA