Azərbaycan qanunveciliyinə görə, hər bir vətəndaşın keyfiyyətli və bərabərhüquqlu təhsil almaq hüqüqu var. Təbii ki, ölkədə keyfiyyətli və bərabərhüquqlu təhsil imkanının yaradılması üçün, peşəkar kadr potensialı ilə yanaşı, müasir standatlara cavab verən təhsil müəssisələrinin olması əsas şərtdir.
Qeyd edək ki, son illər Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbirlər yararsız məktəblərin sayını xeyli azaltsa da, yenə də təmirsiz, tədrisə yararsız məktəblər var. Belə təhsil müəssisələrindən biri də Şəki şəhərindədir. Şəki şəhər 19 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi təhsil müəssisəsinin istifadəyə yararsız halda olmasından şikayətçidir. Adıçəkilən məktəbin müəllim heyətinin bildirdiyinə görə, 55 illik tarixə sahib təhsil müəssisəsi o qədər dağıntıya məruz qalıb ki, artıq qorxu içində olan valideynlər övladlarını buradan çıxarıb qonşu məktəblərə qoyur: “Həmin məktəb şəhərin ən iri binasıdır və demək olar ki, seçmə müəllimlər burda dərs deyir. Hər il şagirdlərimiz yüksək nəticələr əldə edirlər. Bu il 11 nəfər məzunumuzdan 10-u ali məktəblərə qəbul olub. Lakin artıq məktəbimizin binası baxımsızlıqdan elə hala düşüb ki, bu gedişlə burada şagird tapılamayacaq. Çünki yağış yağanda siniflərin içi “göl” olur. Neçə gündür ard-arda Şəkiyə yağış yağır. Sinif otaqlarının içi elə bil dənizdi. Məktəbdəki şəraitlə bağlı Şəki Şəhər Təhsil Şöbəsinə, Təhsil Nazirliyinə dəfələrlə müraciət edilsə də, heç bir nəticə əldə edilməyib”.
“Bu məsələni araşdırmaq, təhlil aparmaq üçün aidiyyəti şəxslərə yönləndirib, təhlillər aparıldıqdan sonra bu barədə qərar veriləcək”
Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, problemə baxılması üçün müvafiq məlumatlar aidiyyəti şəxslərə göndərilib: “Bu məsələni araşdırmaq, təhlil aparmaq üçün aidiyyəti şəxslərə yönləndirdim. Onlar qərar verəcək ki, binada hansı imkan var, əsaslı təmir, ya yenidən tikilmə. Təhlillər aparıldıqdan sonra bu barədə qərar veriləcək”.
Günel CƏLİLOVA