Məlum olduğu kimi, cari ilin əvvəlində Lerik rayonunun Veri-Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi zamanı kənddə yerləşən evlər qəzalı vəziyyətə düşdü.
Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yarandı. Bununla bağlı ailələrin müvəqqəti yaşaması üçün çadır evlər quruldu.
9 aydır təbii fəlakətin baş verməsinə baxmayaraq, kənd əhalisi hələ də çadırda yaşamağa davam edir.
Kənd sakini Ozal Alxasov bildirir ki, 9 ay ötməsinə baxmayaraq, ailəsilə hələ də çadırda yaşayır: “Kənddə 60-dan çox ev var, hamısı qəzalı vəziyyətdədir. Bizim evin aşağı tərəfində baş vermiş sürüşmə nəticəsində 10 metr dərinliyində xəndəklər yaranıb. Evin ətrafı xəndəklərdir. Tikilinin özülü dağılıb, divarlar aralanıb, gəlib baxan dövlət qurumlarının nümayəndələri evdə yaşamağın təhlükəli olduğunu deyib. Biz səs-küy salandan sonra gətirib bizə və daha iki qonşuya çadır qurdular. Söz verdilər ki, tezliklə bizi evlərə yerləşdirəcəklər. 9 aydır ki, çadırda qalmışıq. Getmədiyimiz dövlət qurumu qalmayıb”.
“Bu ilin yanvarında baş vermiş torpaq sürüşməsinə görə komissiya yaradılıb və qəzalı evlər siyahıya alınıb”
Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən bildirildi ki, bu ilin yanvarında baş vermiş torpaq sürüşməsinə görə komissiya yaradılıb və qəzalı evlər siyahıya alınıb: “Fövqəladə Hallar Nazirliyi üç ailəni çadıra yerləşdirib, digər ailələr isə öz evində yaşayır. Təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşmüş tikililərin təmir-bərpa işləri Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə daxildir. Sakinlərin şikayətləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məktub göndərilib. Bu məsələ diqqətimizdədir, ancaq sakinlərin dediyi kimi, torpaq sürüşməsi nəticəsində 60 yox, 10 ev qəzalı tikili kimi siyahıya alınıb. Aidiyyəti qurumlarla əlaqədəyik, problemin tezliklə həll olunmasına çalışırıq”.
Günel CƏLİLOVA