Bir neçə ildir ki, Azərbaycanda orta məktəblərin rus bölməsində təhsil alanların sayı durmadan artır. Sanki valideynlər övladlarının rus dilində təhsili üçün yarışa giriblər, məktəbəhazırlıq və birinci siniflərdə boş yer tapmaq mümkün deyil.
Qeyd etdiyimiz kimi, son illər rus bölməsində təhsil alanların sayı artır. Ancaq bir məsələ də var ki, ali məktəblərə qəbul imtahanında yüksək bal toplayanlar arasında rus sektorunun məzunları az saydadır. Hətta 700 bal toplayanların arasında rus bölməsində təhsil alan bircə məzun belə yoxdur.
“Şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulunda böyük üstünlük Azərbaycan bölməsi tərəfindədir”
Təhsil eksperti Aqşin Məmmədov bildirdi ki, son illərdə məktəbəhazırlıq kurslarına və 1-ci sinifə qəbul prosesi üzrə aparılan müşahidələr göstərir ki, cəmiyyətdə uşaqların rus dilində təhsil almasını istəyən valideynlərin sayı artır: “Təhsil Nazirliyinin və Bakı Şəhər Təhsil İdarəsinin verdiyi açıqlamalardan da aydın olur ki, valideynlərin bu istəyinin nəticəsində Bakı və Abşeron məktəblərinin rus bölməsində yerlər çatışmır. Uşaqların rus bölməsində təhsil almasını istəyən valideynlər bunu Azərbaycan bölməsində təhsilin nisbətən aşağı səviyyədə olması, yeniliklərin daha çox rus dilində olması və rusdilli müəllimlərin daha intellektual olması ilə əlaqələndirirlər. Valideynlər düşünürlər ki, rus dili uşağının karyera qurması üçün ən vacib amillərdən biridir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, şagirdlərin ali və orta ixtisas məktəblərinə qəbulunda böyük üstünlük Azərbaycan bölməsi tərəfindədir: “Son 15-20 il ərzində Azərbaycan bölməsində təhsil alanların qəbul imtahanlarında göstərdiyi nəticələr (xüsusilə 600-700 balarası) rus bölməsilə müqayisədə dəfələrlə yüksəkdir. 700 bal toplayanların arasında rus bölməsində təhsil alan bircə məzun belə yoxdur. Həmçinin, ölkədə rusdilli pedaqoji kadrların, müəlimlərin sayı çox azdır. Son illər kadr hazırlığı kəskin şəkildə aşağı düşüb. Tələblə təklif arasında böyük bir fərq müşahidə edilir. Xüsusilə təbiət elmlərində çox böyük boşluq var. Fizika, riyaziyyat, kimya üzrə rusdilli müəllimlərin sayı çox azdır”.
Günel CƏLİLOVA