Masallıda çəltik biçini başladı

Son illər Masallı rayonunda ənənəvi sahə olan çəltikçiliyin yenidən bərpası güzəranı torpaqla, halal zəhmətlə keçən insanlarda böyük sevinc yaradıb. Çəltikçilik rayon əhalisinin həyat tərzinin yüksəlməsinə, dolanışığına yaxşı təsir göstərir. Belə ki, Masallı düyüsü keyfiyyətli olduğuna görə bazarlarda ona rəğbət böyükdür, alıcısı get-gedə çoxalır. Nəticədə rayonda torpaq adamı bu sahədə çəkdiyi zəhmətin bəhrəsini üç qat görür.
Gəlirli və gərəkli sahə kimi rayonun kənd təsərrüfatında öz təsdiqini tapan çəltik əkini hər il genişlənir. Cari mövsümdə isə 235 hektar sahədə çəltik yetişdirilib. Əkin zamanı “Haşimi” və “Okean” çəltik növünə daha çox üstünlük verilib. Havaların quraq keçdiyi bir şəraitdə nümunəvi qulluq nəticəsində məhsul bol gəlib.
Artıq rayonda çəltik biçininə başlanılıb. Məhsulu tez və itkisiz yığmaqdan ötrü bütün qüvvələr səfərbər olunub. Qısa müddətdə 45 hektardan çox sahənin məhsulu yığılıb. Məhsuldarlıq hələlik hər hektarda 49,5 ton keçir. Çəltik becərənlər orta məhsuldarlığın yüksələcəyini istisna etmir.
Zəmilərdə iki kombayn işləyir. Yaxın günlərdə onların sayı da artırılar. Rayonunun Boradigah, Ərkivan, Xıl, Şıxlar və Tüklə icra nümayəndəliyində zəmilərdə biçin uğurla davam etdirilir. Ötən illəri əldə etdikləri bol məhsul onların bu sahəyə olan marağını artırıb.
Onu da məlumat üçün bildirim ki, rayonda yüksək texnologiyalar əsasında qurulan dəyirman da fəaliyyət göstərir.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü