Ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi daim dövlətin diqqət mərkəzindədir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət Proqramları bunun göstəricisidir.
Qəzalı vəziyyətdə olan məktəblər üçün yeni binaların tikilməsi və əsaslı təmir işlərinin aparılması ilə problem tədricən həllini tapır. Xüsusilə bölgələrdə uşaq sayı az olan təhsil ocaqları üçün modul tipli məktəblər quraşdırılıb. Cəlilabad rayonunda da modul tipli məktəblər tikilib. Ancaq rayonun Oğrubulaq kəndindəki şagirdlər təhsildən yayınır. Vəziyyət o həddə çatıb ki, 4-cü sinfə getməli olan uşaqlar hərfləri belə yaza bilmir. Həmin kəndin sakinlərinin verdiyi məlumata görə, bunun səbəbi tikintisi 2020-ci ildə başa çatan modul tipli məktəbin qapılarının hələ də bağlı qalmasıdır. Alternativ variant kimi qonşuluqda yerləşən kənd məktəbi təklif olunsa da, məsafənin uzun olması şagirdlər üçün əlverişli deyil.
Maraqlıdır, 2020-ci ildə tikintisi başa çatan modul tipli məktəb nə səbəbdən şagirdlərin ixtiyarına verilməyib? Məktəbin qapısı nə səbəbdən bağlıdır?
Cəlilabad Rayon Təhsil Şöbəsi: “Yeni inşa edilən Oğrubulaq kənd orta məktəbinin nə vaxt açılacağı hələ bilinmir”
Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən bildirildi ki, Oğrubulaq kəndinin ərazisində sürüşmə olduğundan, kənd sakinləri Fətullaqışlaq kəndinə köçüb: “Bu kənddəki təhsil ocağına da Oğrubulaq kənd orta məktəbinin adı verilib. Sonradan kənd sakinləri öz doğma yurdlarına geri qayıtsalar da, Fətullaqışlaq kənd məktəbinin adı dəyişdirilməyib. Yəni Oğrubulaq kənd orta məktəbi adlı təhsil ocağı uzun illər Fətullaqışlaq kəndində fəaliyyət göstərib. Yaranan bu anlaşılmazlığı aradan qaldırmaq üçün 2019-cu ildə Fətullaqışlaq kəndindəki məktəbin adı dəyişdirilib. Yeni inşa edilən Oğrubulaq kənd orta məktəbinin nə vaxt açılacağı isə hələ bilinmir”.
Nizami Hüseynov: “Modul tipli məktəblərdə şagird tutumu o qədər də yüksək deyil”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, modul tipli məktəblər bir çox ölkələrdə, hətta Avropa və Amerikada da istifadə edilir: “Əsas vacib məqam odur ki, məktəb quraşdırılarkən ərazinin coğrafi relyefi də nəzərə alınır. Modul tipli məktəblər şagird sağlamlığı üçün də yaxşıdır. Bu, təhsilin inkişafına gətirib çıxaracaq. İndiyə qədər tədrisin aparılması üçün uyğun olmayan yerdə dərs keçən şagirdlər indi daha rahat yerdə dərs keçirlər. Modul tipli məktəblərdə şagird tutumu o qədər də yüksək deyil. Bunlar, daha çox 200-400 şagird tutumlu məktəblərdir. Əvvəllər böyük vəsait hesabına başa gələn ənənəvi məktəbləri indi az xərcli, amma keyfiyyətli, tam tədris resursları ilə təmin olunmuş məktəblər əvəz edir”.
Günel CƏLİLOVA