Taxtakörpüdə evi yanmış köçkünün iddiası - evimin əşyaları 15 min dəyərində idi, mənə 4300 manat verilib...

Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində (Laçın obaları) yaşayan Laçın rayonundan keçmiş məcburi köçkün Kərimov Murad Əhliyyət oğlu redaksiyamıza müraciət edib. M.Kərimovun bildirdiyinə görə, 2020-ci ilin 19 sentyabr tarixində iki otaqlı mənzili içindəki əşyalarla birgə yanıb kül olub.
Şikayətçinin sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri akt tərtib edərək yanmış əşyaları 4300 manat dəyərində qiymətləndirib. Şikayətçi isə bildirir ki, onun mənzili ilə birlikdə yanan ev əşyalarının ümumi qiyməti 4300 deyil, təxminən 13-15 min manat dəyərində olub: “Yanğın hadisəsi baş verəndən sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib baxış keçirdilər, yanan əşyaları 4300 manat həcmində dəyərləndirdilər. Amma yanan ev əşyalarımın 4300 manat həcmində qiymətləndirilməsi ilə razılaşmıram, çünki mənim mənzilimdəki əşyaların qiyməti təxminən 13-15 min manat dəyərində olardı. 20 ildir ailə qurmuşam, 20 ilin evi idi evim.
- “Fövqəladə Hallar Nazirliyi deyir ki, pulu Laçın rayonu İcra Hakimiyyəti ödəməlidir, İcra Hakimiyyəti isə pulu ödəməkdən imtina edir”
Yoldaşımın bütün cehizi, bir sözlə, evin içində olan bütün əşyalarım yanıb kül olub. Heç əynimizin paltarını da çıxara bilmədik. Amma mənim əşyalarıma dəymiş ziyanı heç bir orqan ödəmir. Məni Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Ağcabədiyə göndərdilər ki, get müqaviləyə möhür vurdur, mən də möhür vurdurmuşam, amma pulumu heç bir orqan ödəmir. Fövqəladə Hallar Nazirliyi deyir ki, pulu Laçın rayonu İcra Hakimiyyəti ödəməlidir, İcra Hakimiyyəti isə pulu ödəməkdən imtina edir. Evim yanandan sonra cənab Prezident İlham Əliyevin sərəncamı ilə Taxtakörpüdə tikilən 256 saylı qəsəbədə 3 otaqlı mənzillə təmin olunmuşam. Mənim müraciətimin səbəbi odur ki, yanan əşyalarımın dəyəri aidiyyəti qurumlar tərəfindən ödənilsin və mən də gedib evimə ev əşyaları alım. Mənim ailəm, uşağım qonşuların, qardaş-bacımın verdiyi yorğan-döşəkdə yatır, əşyaları işlədir, özümüzün heç nəyimiz yoxdur...”.
M.Kərimov ümid edir ki, problemi “Bakı-Xəbər”də ictimailəşdikdən sonra aidiyyəti dövlət qurumları problemin həlli üçün müvafiq addımlar atacaq.
Əli TURABOV