44 gün çəkən, şanlı qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində torpaq naminə şəhidlik zirvəsinə ucalan Masallının qəhrəman oğulların adları həmişə qürurla çəkilir, millətinə başucalığı gətirdiyinə görə rayon camaatı onlarla fəxr edirlər.
İndi burada elə bir yaşayış məntəqəsi yoxdur ki, şəhidlərlə bağlı gənc nəsillərə bir yadigar qoyulmasın. Bu dəfə belə bir abidə kompleksi rayonun daha bir yaşayış məntəqəsində, Bambaşı kəndində ucaldılıb. Abidənin ərsəyə gətirilməsində kənd fəalları ilə bərabər, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, «Vətən uğrunda» medallı Elmir Akifzadənin atası Gündüzün əməyi daha böyük olub. Masallılılar yığışıb kompleksin açılışını etdilər. Bu mötəbər tədbirə Milli Məclisin deputatları - professor Anar İsgəndərov və Məşhur Məmmədov da qatılmışdı.
Ziyarətçilər əvvəlcə şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib və abidə kompleksinin önünə əklillər, tər gül dəstələri düzdülər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov dedi: - 2020-ci ilin 27 sentyabrda başlanan İkinci Qarabağ müharibəsində Milli Ordumuz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında erməni faşistləri darmadağın edərək Vətən torpaqlarını azadlığa çıxartdı. Heç bir şəhidin qanı yerdə qalmadı. Bir də bu qazanılan zəfərin əhəmiyyəti onda oldu ki, haqqın-ədalətin tərəfdarı olan Azərbaycan xalqı bütün dünyaya öz qəhrəmanlığını sübut etdi. Müharibədə Masallılar da xeyli qəhrəman oğul itirdilər. Biz fəxr edirik ki, onlar qəhrəmanlıq göstərərək Vətən üçün öz canlardan keçiblər.
Milli Məclisin deputatları-Professor A.İsgəndərov və M.Məmmədov, veteran müəllim Ə.Zeynalov, şəhid Elmir Akifzadənin nənəsi Gülafərin xanım, Ağcabədi rayonunun Avşar kəndindən gələn, şəhid əsgər Elmir Akifzadə ilə bir yerdə döyüşən, İkinci Qarabağ müharibəsi şəhidi Azadın atası A.Tapdıqov və başqaları Azərbaycan ordusunun qüdrətindən, əsgər və zabitlərin döyüşlərdə göstərdikləri igidlikdən, xalqla ordunun birliyindən danışdılar, şanlı zəfər tarixini yazan Vətən oğullarının hər zaman Azərbaycan xalqının qəlbində qalacağını dedilər . Dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya respublikada şəhid ailələrinə, müharibədə sağlamlığını itirən Vətənin mərd övladlarına göstərilən yüksək qayğıya görə minnətdarlıq olundu.
Tədbir məktəblilərin ifasında Vətənə, Ali Baş Komandana, ordumuza, şəhidlərə həsr olunan şerlərlə tamamlandı.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü