“Quba rayonunun Yalavac kəndində onlarla şagird bu il təhsildən kənarda qala bilər. Kənddəki məktəb 4 illikdir, ən yaxın təhsil müəssisəsinə getmək üçün isə uşaqlar kilometrlərlə məsafə qət etməlidir. Əvvəllər bunun üçün Quba rayon İcra Hakimiyyəti tərəfindən marşrut avtobusu ayrılsa da, artıq bu avtobus ləğv olunub”.
Bu barədə adıçəkilən kəndin sakini Habil Hacıyev bildirir. H.Hacıyev qeyd edir ki, 2019-cu ildə kəndin uşaqları ən yaxın təhsil müəssisəsinə – Şabran rayonunda yerləşən 2 nömrəli məktəbə gediblər: “Bizim kənddən Şabran rayonunda ən yaxın məktəbə qədər məsafə 8 km, Quba rayonunda məktəbə isə 55 kilometrdir. 2019-cu ildə Quba Rayon İcra Hakimiyyəti tərəfindən marşrut ayrılmışdı, sürücüyə aylıq 500 manat məbləğində pul ödənirdi və uşaqları məktəbə aparıb-gətirirdi. Hazırda o marşrut ləğv olunub. Təxminən 20 uşaq bu il məktəbə getməyəcək. Hamısı da savadlı, yaxşı oxuyan 5-9-cu sinif şagirdlərdir. O uşaqların gələcəyi ilə oynamaq düzgün deyil”.
Şikayətçilər onu da qeyd edir ki, 10 gün sonra tədris ili başlayacaq: “Şagirdlər dərsə necə gedəcək, bəlli deyil. Marşrutun bərpası ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, bizə hər hansı bir cavab verilməyib”.
“Hazırda Yalavac kənd məktəbinin 9 illik olması ilə bağlı iş gedir və yaxın vaxtlarda məsələ öz həllini tapacaq”
Məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətindən bildirildi ki, əvvəllər İcra Hakimiyyətinin bu məqsəd üçün vəsaiti olub: “İndi belə vəsait olmadığından qeyd olunan məsələ üzrə pul ayırmaq mümkün deyil. Hazırda Yalavac kənd məktəbinin 9 illik olması ilə bağlı iş gedir və yaxın vaxtlarda məsələ öz həllini tapacaq”.
Günel CƏLİLOVA