Şamaxı zəlzələsindən ziyan görmüş İkinci Çaylı sakini Rayon İcra Hakimiyyətindən niyə narazıdır?...

Şamaxı Rayon İcra Hakimiyyəti: “Zəlzələdən ziyan çəkən evlərə təbii fəlakətdən sonra altı ay ərzində baxış keçirilib”

img

2019-cu ilin fevral ayında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermis zəlzələ nəticəsində onlarla fərdi yaşayış evi qəzalı vəziyyətə düşdü. Təbii fəlakətdən dərhal sonra görülən təxirəsalınmaz tədbirlər nəticəsində adıçəkilən rayonlarda mühəndis-kommunikasiya təminatı sistemləri tam bərpa edilib, zərər çəkmiş əhaliyə ilkin yardım göstərildi. Ancaq zəlzələdən zərər çəkən bütün evlərə, ailələrə yardım göstərilməyib.

Belə ki, Şamaxı rayonunun İkinci Çaylı kənd sakini Aliyə Cavadova bildirir ki, həyat yoldaşı Fariq Cavadova məxsus ev 2019-cu ildə baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb: “Yağış, qar yağanda ev pis günə düşür. Çarəsizlikdən uşağı qonşuda saxlamalı, yatızdırmalı oluram. Uşağım serebral iflic xəstəsidir. Ev qəzalı vəziyyətdə olduğu üçün uşağı evdə saxlaya bilmirəm. Ev hər an uça bilər. Evin təmir olunması üçün aidiyyəti qurumlara müraciət etsəm də, hər hansı bir cavab verilməyib”.

  • “Maliyyə vəsaiti nə zaman ayrılarsa, təmir işləri də o zaman reallaşacaq, biz vəsaitin ayrılmasını gözləyirik”

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin  Memarlıq və Tikinti şöbəsindən bildirildi ki, zəlzələdən ziyan  çəkən evlərə təbii fəlakətdən sonra altı ay ərzində baxış keçirilib. Onlara dörd kateqoriya üzrə qiymət verilib. Qəzalı vəziyyətdə və bərpaya ehtiyacı olan evlərdə Fövqəladə Hallar Nazirliyi, təmirə ehtiyacı olanlarda isə Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən işlər görüləcək. Maliyyə vəsaiti nə zaman ayrılarsa təmir işləri də o zaman reallaşacaq. Biz vəsaitin ayrılmasını gözləyirik”.

Günel CƏLİLOVA

Son xəbərlər