Bu il DİM-in bakalavrlar üçün keçirdiyi qəbul imtahanında bir neçə abituriyent kifayət qədər bal toplasa da, universitet qazana bilməyib. Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edib ali məktəblərə qəbul ola bilməyən abituriyentlər əsasən 3 və 4-cü qruplar üzrə müəyyən edilib.
Belə ki, III ixtisas qrupu üzrə 510-520 arası bal toplayan 1 abituriyent, 500-510 arası bal toplayan 1 abituriyent, 400-dən çox bal toplayan 14 abituriyent, 300-dən çox bal toplayan 89 abituriyent, 200-dən çox bal toplayan 557 abituriyent, IV ixtisas qrupu üzrə: 600-610 arası bal toplayan 1 abituriyent, 550-560 arası bal toplayan 1 abituriyent, 500-dən çox bal toplayan 16 abituriyent, 400-dən çox bal toplayan 39 abituriyent, 300-dən çox bal toplayan 68 abituriyent, 200-dən çox bal toplayan 85 abituriyent universitet qazana bilməyib.
Maraqlıdır, yuxarı bal toplayan abituriyentlərin ali məktəbə qəbul olmamasının səbəbi nə ilə bağlıdır?
“Bu il qəbul imtahanında bir çox abituriyent yüksək bal toplasa da, tələbə adını qazana bilməyib”
Təhsil eksperti Təranə Mahmudova bildirdi ki, bu il qəbul imtahanında bir çox abituriyent yüksək bal toplasa da, tələbə adını qazana bilməyib: “Universitetə qəbul olmayan abituriyentlər sırasında 600-dən yuxarı bal toplayanlar da var. Buna səbəb abituriyentlərin ixtisas seçimində səhvə yol vermələridir: Abituriyentlər kodlaşdırma əsnasında keçənilki balları əsas götürüblər. Orada bal nisbidir. Kodlaşdırma edən zaman tək ötən ilə deyil, 2 il əvvəlki nəticələrə də fikir vermək lazımdır.
Bu il IV ixtisas qrupunda iki nəfər 600-dən yüksək bal toplasa da, imtahandan kəsilib. Həmin abituriyentlərin biri kodlaşdırma zamanı 2 ixtisası seçmişdi. Abituriyent balının yüksək olduğunu düşünüb, az ixtisas seçir. Nəticədə isə bu cür xoşagəlməz hallar qeydə alınır. Yaxşı olar ki, ixtisas seçimi zamanı peşəkarlardan məsləhət alsınlar”.
Günel CƏLİLOVA