“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”. Bu məzmunda elan Azərbaycan Beynəlxlq Bankının Ağcabədi filialının qarşısına vurulub.
Sosial şəbəkələrdə geniş müzakirə edilən və tənqidlə qarşılanan bu elan təqaüdçülərin, pensiyaçıların və ünvanlı sosial yardım alan şəxslərin ciddi narahatlığına səbəb olub.
“ABB müştərilərə qarşı belə bir tələb irəli sürməyib”
Müştərilər tərəfindən birmənalı qarşılanmayan bu məsələ ilə bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli ilə əlaqə saxladıq. Y.Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, ABB-nın heç bir filialında, eləcə də baş ofisdə belə bir tələb irəli sürülməyib. Y.Cəfərli qeyd etdi ki, bu səbəbdən də müştərilər heç bir narahatlıq keçirməsin. “Bu təşəbbüs Bank tərəfindən olmayıb. ABB müştərilərə qarşı belə bir tələb irəli sürməyib. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”-deyə Y.Cəfərli vurğuladı.
İradə SARIYEVA