“Özəl xəstəxanalarda mürəkkəb rekonstruktiv əməliyyatlar qeyri-peşəkar cərrahlar tərəfindən icra olunur”. Bu sözləri Səhiyyə Nazirliyinin baş cərrahı Elçin Ağayev media nümayəndələrinə açıqlamasında deyib.
O bildirib ki, özəl sektorda bir sıra qüsurlar mövcuddur: “Biz dəfələrlə şahidi olmuşuq ki, özəl xəstəxanalarda mürəkkəb rekonstruktiv əməliyyatlar böyük təcrübəyə malik olmayan qeyri-peşəkar cərrahlar tərəfindən icra olunur. Hətta bu əməliyyatlardan sonra başlayan ağırlaşmalara görə icra olunan təkrar əməliyyatlar da, təcrübəli mütəxəssislər dəvət olunmayaraq, bu həkimlərin özləri tərəfindən həyata keçirilir. Bu çox ciddi qüsur və nöqsandır, çünki dəfələrlə tövsiyə olunub ki, təkrar əməliyyatlara mütləq təcrübəli mütəxəssislər dəvət edilməlidir və birinci əməliyyatı icra edən həkim tərəfindən aparılmamalıdır. Burada həm psixolojı amillər həkimin fəaliyyətinə mənfi təsir göstərə bilər, həm də təkrar əməliyyat mürəkkəb olduğuna görə burda zəngin kliniki təcrübəyə və elmi biliklərə malik olan həkimlərin iştirakı olduqca vacibdir. Bunu da özəl klinikalarda fəaliyyət göstərən bizim gənc həkimlərimiz mütləq bilməli və əməl etməlidir. Uğursuz cərrahi əməliyyatlarla bağlı müraciətlər var”.
Maraqlıdır, özəl klinikalarda niyə uğursuz əməliyyatlar baş tutur? Klinikalarda əməliyyatın gedişinə, bu prosesə nəzarət necə olur?
“Özəl klinikalarda həyata keçirilən hər bir prosedurun qiyməti dövlət xəstəxanası ilə müqayisədə qat-qat bahadır”
Məsələ ilə bağlı fikir bildirən həkim-ekspert Pərvanə Mustafayeva qeyd etdi ki, özəl klinikalarda baş tutan əməliyyatlarla bağlı səslənən şikayətlərin sayı yetərincədir: “Dəfələrlə özəl klinikada plastik əməliyyat etdirən hansısa bir xanımın həyatını itirməsi, yaxşı halda pis günə düşməsi haqqında məlumatlar eşidirik. Bunun səbəbi həmin klinikalarda çalışan tibbi personalın bəzisinin qeyri-peşəkar olmasıdır. Həmin həkimlər sosial şəbəkədə özlərinə reklam qazanaraq xəstələrin marağına səbəb olurlar. Xəstələr düşünür ki, onun yanına getməklə sağlıqlarına qovuşacaqlar. Lakin həmin həkimə müraciət edən xəstələrin taleyi və sağlığı isə sual altında olur. Onu da əlavə edim ki, özəl klinikalarda həyata keçirilən hər bir prosedurun qiyməti dövlət xəstəxanası ilə müqayisədə qat-qat bahadır”.
Günel CƏLİLOVA