Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmür. Aylar, illər keçsə də, onların göstərdiyi igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün ölkəmizin bütün bölgələrində abidələr qoyulur, bulaqlar tikilir, parklar salınır, küçələrə şəhidlərimizin adı verilir.
Təəssüf ki, şəhid adının əbədiləşdirilməsi məqsədilə qoyulan bəzi abidələrin, tikilən bir sıra bulaqların ətrafında baxımsızlıq, şəhid adı daşıyan küçələrdə isə xoşagəlməz mənzərələr yaşanır. Bu mənzərə ilə rastlaşanda çoxumuz, xüsusən də şəhidin yaxınları sözlə ifadə olunmayan sarsıntı keçirirlər.
Bəzi bölgələrdə şəhid adı daşıyan küçələr bərbad vəziyyətdədir. Elə Şamaxıdakı Alı Mustafayev və Malik Bayramov küçələrinin yolları kimi…
Sakinlər bildirir ki, şəhid adı daşıyan küçələr keçilməz vəziyyətdədir: “Təmirsiz yol sayəsində avtomobillərimiz tez-tez xarab olur. Uşaqlar qış fəslində məktəbə getməkdə çətinlik çəkir. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsək də, səsimizə səs verən yoxdur. Şəhid adını daşıyan küçə bərbad vəziyyətdə olmamalıdır”.
“Hazırda şəhərdə abadlıq və quruculuq işləri aparılır, adıçəkilən küçələrin təmiri də dövlət planında yer alıb”
Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsindən bildirildi ki, hazırda şəhərdə abadlıq və quruculuq işləri aparılır: “Adıçəkilən küçələrin təmiri də dövlət planında yer alıb. Proqramın icrası 2021-2022-ci illəri əhatə edəcək. Problem qısa müddətdə həll ediləcək. Sakinlər bir az da səbrli olsunlar, yollar təmir olunacaq”.
Son olaraq bildirək ki, şəhidlərimizin ruhuna hörmətsizlik etmək, onların adını daşıyan küçələrə laqeyd yanaşmaq, ən azı, etik deyil. Ümid edirik ki, şəhidin adını daşıyan küçə qısa müddət ərzində təmir olunacaq.
Günel CƏLİLOVA