Dağlar diyarı Yardımlı rayonu Heydər Əliyev mərkəzində 2020-2021-ci tədris ilində rayon üzrə 550-dən yuxarı bal toplamış abituriyentlərlə keçirilən görüş uzun müddət yaddan çıxmaz. Respublikada tətbiq olunan karantin qaydalarını gözləməklə tədbirə qatılanlar sevinc içində idilər. Birinci sözü Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov dedi. O, gəncləri əldə etdikləri uğurlar münasibətilə təbrik etdi, onlara xoş arzularını bildirməklə, gələcək həyatlarında müvəffəqiyyətlər arzuladı.
Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə, “Yardımlı Xeyriyyə Cəmiyyəti” nin sədri Elman Eldaroğlu və digər qonaqlar dövlət tərəfindən, respublikanın hər yerində olduğu kimi, Yardımlı rayonda da təhsilin inkişafına böyük diqqət göstərdiyini, abituriyentlərin ölkənin ən qabaqcıl universitetlərinə yüksək balla qəbul olduğunu fərəhlə dilə gətirdilər.
Yüksək balla tələbə adını qazananların da ürəkləri dolu idi, hamı öz sevincini tədbir iştirakçıları ilə bölüşmək istəyirdi. İmtahanlarda 643 bal toplayan, rayonundakı Vəlixanlı kənd tam orta məktəbinin məzunu Kənan Rufullazadə onlara göstərilən qayğıya görə tələbə olan gənclər adından minnətdarlığını bildirdi və dərin bilik, savad qazanmaqla müxtəlif sahələrdə doğma Vətəninə, xalqına ləyaqətli xidmət edəcəyini söylədi. Tədbirdə 550-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlar rayon İcra hakimiyyətinin “Fəxri fərmanı” ilə təltif olunmaqla bərabər, həm də “Yardımlı Xeyriyyə Cəmiyyəti” tərəfindən qiymətli hədiyyələr və pul mükafatları aldılar.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü