Özündə koronavirus əlamətləri hiss edən vətəndaşlar bir sıra hallarda poliklinikaların və təcili tibbi yardımın əməkdaşlarının gəlib yaxma, analiz götürməsini gözləmək istəmir. Bu səbəbdən də bəzi insanlar koronavirusa yoluxub-yoluxmadıqlarını daha tez bilmək üçün apteklərdə satılan nisbətən ucuz testlərdən istifadə edirlər.
Vətəndaşlar elə zənn edirlər ki, həmin testlərin qiymətləri xəstəxanadakı xidmətlərdən ucuzdur və onunla qısa müddət ərzində nəticəni öyrənmək olur. Mətbuatın yazdığına görə, əczaçılar da son günlər COVID-19 virusuna yoluxanların sayının artması ilə bu testlərə marağın daha çox olduğunu bildiriblər. Hətta bəzi apteklərdən bildirdilər ki, testlər tez satıldığı üçün gündəlik depolardan sifariş verirlər. Əçzaçıların sözlərinə görə, testlərin istifadə qaydası da olduqca rahatdır. Bu testlərin qiymətləri isə firma və istehsal ölkəsinə görə dəyişir.
Bu testlərin cavablarının doğruluq dərəcəsinə gəlincə, mütəxəssislər hesab edir ki, test birbaşa qanla götürüldüyünə görə doğru olma payı yüksəkdir.
TƏBİB-dən isə mətbuata bildirilib ki, dünyada, eləcə də ölkəmizdə COVID-19-un təsdiqedici nəticəsi olaraq yalnız PSR testi hesab edilir.
PSR testinin nümunəsi laboratoriya şəraitində emal edilərək hazırlanmış nəticəni verir. Ekspress nümunələrlə labarator şəraitdə nəticə əldə edilmədiyindən, rəsmi olaraq virusun təsdiqedicisi hesab olunmur.
İddialara görə, apteklərdə satılan koronavirus testləri düzgün nəticə vermir, ona görə də, koronavirus testlərinə insanlar inanmamalıdır.
“Amma bunu bütün firmaların testlərinə aid etmək olmaz, bəzi firmalar var ki, onların istehsal etdiyi sürətli diaqnostik test təsdiq verib”
Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “Bakı-Xəbər”ə bildirdi ki, sürətli testlərin bir çoxu dəqiq göstərmir: “Apteklərdə satılanlar ekspress, sürətli dioqnostik testlərdir (rapid diaqnostic tests- RDT). Sürətli diaqnostik testlər ilkin olaraq COVID-19-un bədəndə olub-olmadığını müəyyən edir. Bu testlər daha çox kütlə halında yoluxmuş şəxsləri yoxlamaq üçündür. Yəni məktəblərdə, yaxud universitelərdə kütləvi şəkildə istifadə olunmaqdan ötrüdür. İnsanlar fərdi qaydada da ondan istifadə edə bilər. Sadəcə, PSR kimi nəticəni tam dəqiqliyi ilə göstərmir. Amma bunu bütün firmaların testlərinə aid etmək olmaz, bəzi firmalar var ki, onların istehsal etdiyi sürətli diaqnostik test təsdiq verib. Hardasa 90 faizə qədər düzgündür. Bu testdə bir qayda var ki, müsbət, yaxud mənfi çıxıbsa mütləq PSR verilməlidir”.
Bu testlərdən daha çox təcili əməliyyata gedən şəxslərin istifadə etdiyini deyən ekspert bildirdi ki, bu cür xəstələri gözlətmək olmaz deyə, onda COVİD olub-olmadığını müəyyən etmək üçün sürətli diaqnostik testdən istifadə olunur.
Rəhbərlik etdiyi qurumun da növbəti aylarda sürətli testlərlə bağlı layihə həyata keçirəcəyini vurğulayan P.Vəliyevanın sözlərinə görə, vərəmdən müalicə alan şəxsləri bu sürətli testlərlə hər ay yoxlayacaqlar. “Biz özümüz sürətli testlərlə bağlı layihəyə stat verdikdən sonra onun nə dərəcədə effektiv olduğunu və düzgün göstərdiyini görəcəyik. Araşdırma işlərinin nəticələri də həm xarici, həm Azərbaycan elmi jurnallarında dərc olunacaq”deyə P.Vəliyeva qeyd etdi.
İradə SARIYEVA