Qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda kənd təsərrüfatının yüksəlişində, məhsul bolluğunun yaradılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həllində mühüm rol oynayan meliorasiya və su təsərrüfatının inkişafı önəmlidir.
Əhalinin su ilə təmin olunması istiqamətində dövlət tərəfindən hər bir iş görülür. Ancaq buna baxmayaraq, qeyd edilən sahədə hələ də bəzi problemlər var. Belə ki, bu günlərdə sosial şəbəkələrdə Goranboy rayonunun Qaradağlı kəndində sakinlərə verilən təsərrüfat suyunun kəsilməsini əks etdirən kadrlar yayılıb. Kadrları lentə alan şəxs suyun qarşısının kəsilərək Goranboy Rayon İcra Hakimiyyətinin başçısına məxsus təsərrüfatlara axıdıldığını bildirib və bu prosesin 10 gündür davam etdiyini deyib. Görüntülərdə bir qrup sakinin başqa istiqamətdə axan suyun qarşısını kəsməyə çalışdığı müşahidə olunur.
Sakinlər bildirir ki, onlara verilən suyun qarşısı kəsilərək rayon icra başçısına məxsus yoncalıq və sahələr suvarılır. Bu vəziyyətdən əziyyət çəkən isə sadə adamlardır: “Təsərrüfat sahələri susuzluqdan yanır. Təsərrüfat sahəsinin suvarılmaması insanların əkib-becərdiyi məhsulun məhv olmasına səbəb olur”.
“Ola bilər ki, sakinlərə verilən su həqiqətən də başqaları tərəfindən kəsilib, bununla bağlı müvafiq araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”
Məsələ ilə bağlı Goranboy Rayon İcra Hakimiyyətinə müraciət etdik. Goranboy RİH-dən bildirildi ki, icra başçısına məxsus heç bir təsərrüfat mövcud deyil: “Goranboy Rayon İcra Hakimiyyətinin başçısına məxsus heç bir biznes və təsərrüfat mövcud deyil. Sakinlər ola bilsin ki, haqlıdırlar. Belə ki, onlara verilən su həqiqətən də başqaları tərəfinən kəsilmiş ola bilər. Bununla bağlı müvafiq araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
Günel CƏLİLOVA