Milli-mənəvi dəyərlərə bağlı olan Azərbaycan xalqı hər zaman öülüsünə də, dirisinə də qiymət qoymağı bacarıb. Bu, xalqımızın müsbət keyfiyyətlərindən biri kimi ənənə şəklində nəsildən-nəslə ötürülüb. İnsanlarımızın ziyarət yerlərindən biri olan qəbiristanlıqlara keçmiş zamanlardan başlayaraq son dövrə qədər böyük ehtiram yeri kimi yanaşılıb. Bu gün də o ehtiram qalmaqdadır. Amma bu yetərli sayıla bilməz.
Paytaxtda olan məzarlıqların böyük əksəriyyətində natəmizlik, səliqəsizliyin hökm sürməsi heç kimə sirr deyil. Qəbiristanlıqlarda yaşanan natəmizlik, zibil qalaqları, bəzi məzarların üstündə toplanan tör-töküntü adamda acı bir hiss yaradır. Məzarlıqların zibillik yuvasına çevrilməsi, baxımsız vəziyyətdə olması ürək ağrıdır.
Təəssüf ki, xoşagəlməz mənzərə Mehdiabad qəbiristanlığında da müşahidə edilir. Mehdiabad qəsəbə sakinləri qəsəbə qəbiristanlığının baxımsız vəziyyətindən şikayət edir. Sakinlər qəbiristanlığın yanında günü-gündən artan zibillərin olmasından narazılıq edir. Onlar bildirir ki, dəfələrlə yerli özünüidarəetmə orqanı və icra hakimiyyətinə bununla bağlı müraciət etsələr də, onların şikayətini ciddiyə alan olmayıb.
Mehdiabad bələdiyyəsi - Vüqar Hüseynov: “Qəbiristanlığın ərazisi artıq zibillikdən təmizlənib”
Məsələ ilə bağlı Mehdiabad bələdiyyəsinin sədri Vüqar Hüseynov bildirdi ki, sözügedən ərazidə hazırda zibil yoxdur: “Qəbiristanlığın ərazisi artıq zibillikdən təmizlənib”.
Aytəkin Kamranqızı: “Qəbiristanlıqlarda hökm sürən natəmizlik hər bir vətəndaşı, o cümlədən də ictimai qurumları narahat etməlidir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, qəbiristanlıqlarda hökm sürən natəmizlik hər bir vətəndaşı, o cümlədən də ictimai qurumları narahat etməlidir: “Bu çox aktual bir məsələdir. Uzun illərdir qəbiristanlıqların təmizliyinin təmin olunması ilə bağlı bizim təkliflərimiz olub. Hazırda bütün strukturlarda bu məsələ müzakirə olunur. Qəbiristanlıqlarda abadlıq işlərinin aparılması və orada səliqə-sahmanın yaradılması üçün bu işin tamamilə bələdiyyələrin ixtiyarına verilməsilə bağlı bizim vaxtaşırı təkliflərimiz olur. Eyni zamanda, bələdiyyələrin əhalidən topladığı vəsaitlər hesabına qəbiristanlıqlara da baxmaq, oranı təmiz saxlamaq mümkündür. Bilirsiniz ki, bu qurum vətəndaşlardan həm mülkiyyətə görə, həm də torpaq vergiləri toplayır. Bu vergilərdən əldə etdikləri gəlirlərin çox az bir hissəsini mövsümi olaraq ildə iki dəfə qəbiristanlıqların təmizlənməsinə və saxlanmasına yönəltsələr, problem öz həllini tapmış olar”.
Günel CƏLİLOVA