Sentyabrın 1-dən toyların COVID-19 pasportu olmadan 50 nəfərədək şəxsin iştirakı ilə keçirilməsi qadağan edilib. Belə ki, 50 nəfərə qədər şəxsin iştirakı ilə keçirilən şənlik mərasimlərində də COVID-19 pasportunun təqdim olunması tələb ediləcək.
Bununla bağlı müvafiq qərar sentyabrın 1-dən qüvvəyə minib.
Qeyd edək ki, bundan əvvəl 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi idi və həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmurdu.
İlqar Hüseynli: “...Söhbət ölkəmizin, vətəndaşlarımızın milli təhlükəsizlik məsələsindən gedirsə...”
Sosial sahə üzrə tanınmış ekspert İlqar Hüseynli “Bakı Xəbər”ə şərhində bildirdi ki, yoluxmanın yayılmasının qarşını almaq məqsədilə həyata keçirilən hər bir tədbir, qüvvəyə minən hər bir qərar zəruridir, hər kəs buna əməl etməlidir. “COVID-19 pandemiyası artıq dünyanın milli təhlükəsizlik məsələsinə çevrilib. Sırf fundamental, insan hüquqları baxımından məsələyə yanaşsaq, ümumiyyətlə bir çox qadağaların tətbiq olunması həm konstitusion, həm də digər mənalarda insan hüquqlarının pozulmasıdır. Amma elə qadağalar da var ki, onlar zərurətdən doğur. Yəni söhbət ölkəmizin, vətəndaşlarımızın milli təhlükəsizlik məsələsindən gedirsə, sərtləşdirilmiş rejimlərin, qadağa və məhdudiyyətlərin tətbiqi zərurətə çevilir”.
İ.Hüseynlinin sözlərinə görə, nəticə etibarı ilə bizim pandemiyadan qurtarmağımızın yeganə yolu vaksinləşmədir və vaksinə qarşı əks göstərişi olmayan hər bir vətəndaş vaksinasiya olunmalıdır. “Vaksinasiya, ən azından, ölüm risqlərini azaldan faktordur”. İ.Hüseynlinin dediyinə görə, sərt qadağalardansa, insanlarla maarifləndirici söhbətlər aparılmalıdır ki, onlar özləri könüllü şəkildə prosesə qoşulsunlar.
Leyla Bayramlı: “Toylarda tətbiq edilən yeni qaydalar birmənalı olaraq zərurətdən irəli gəlir”
Həkim-terapevt Leyla Bayramlının fikrincə isə, toyların COVID-19 pasportu olmadan 50 nəfərədək şəxsin iştirakı ilə keçirilməsinin qadağan ediliməsi müsbət haldır. L.Bayramlı hesab edir ki, yoluxmanın əsasən toylarda, yığıncaqlarda baş verdiyini nəzərə alsaq, bu tələbin qüvvəyə minməsi zəruri idi: “İnsanlar əsasən toylarda, məclislərdə, ictimai yerlərdə yoluxur. Toylarda tətbiq edilən yeni qaydalar birmənalı olaraq zərurətdən irəli gəlir. İnsanlarımız bilməlidir ki, onların vaksinasiya olunması təkcə özlərinin deyil, həm də ətraflarının təhlkədən sovuşması deməkdir. COVID-19 pasportunun tələb olunmasına müsbət yanaşıram və insanlar nəhayət ki, vəziyyətin necə kritik olduğunu anlamalıdır. Vaksinasiya olunan adamın yoluxma risqi olsa da, ölüm risqi yoxdur. İnsanlar vaksinasiya olunmalıdır ki, başqaları üçün yoluxma risqi yaratmasınlar”.
İradə SARIYEVA