Azərbaycanın Lənkəran-Astara subtropik bölgəsinin torpaq-iqlim şəraiti, çay bitkisindən əlavə, limon, naringi, portağal, feyxoa, subtropik xurma, kivi, nəcib dəfnə, bambuk, pekan, tunq, quayava və digər subtropik bitkiləri sənaye miqyaslı yetişdirməyə çox əlverişlidir.
İllərdir AMEA Lənkəran Regional Elmi Mərkəzi Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Lənkəran çay filialı bazasında çay və sitrus bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərin seçilməsi, yeni sortların yaradılması istiqamətində birgə tədqiqat işləri görürlər. Sevindirici haldır ki, sitrus bitkiləri üzərində aparılan elmi-tədqiqat zamanı yeni limon və naringi sortu alınıb. Yeni limon “Lənkəran meyeri” (Meyer ağçiçək), naringi isə “Karlik tezyetişən” adlanır. Bu sortlar şaxtaya, xəstəlik və zərərvericilərə qarşı dözümlüyünə görə seçilir, eləcə də asan becərilir, az zəhmətlə yüksək məhsul verir.
“Lənkəran meyeri” limon sortu 2019-cu ildə dövlət sort sınağına qəbul edilib. Gələcəkdə onu becərməkdən ötrü təsərrüfatlara verilməsi bölgədə bu sahənin daha da inkişaf etməsinə, sitrus bitkilərindən yüksək məhsul götürülməsinə genış imkan yaradacaq. Yeni naringi sortu da 2019-cu ildə Seleksiya Nailiyyətləri Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim olunub. Bu “Karlik tezyetişən” yeni sort bölgədə yetişdirilən digər sortlara nisbətən bir ay daha tez yetişir. Alçaqboylu olması ilə seçilir, hektardan 35-40 ton və daha çox məhsul vermək imkanına malikdir. Tez yetişdiyinə görə bazarın digər sortlardan əvvəl naringi ilə təmin olmasına imkan verir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü