Dağlar diyarı Lerik rayonunda vaksinasiya prosesi geniş vüsət alıb. Belə ki, burada Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” yüksək səviyyədə həyata keçirilir.
Əhalinin vaksinasiya olunması üçün rayon mərkəzi xəstəxanasında lazımi tədbirlər görülüb, ayrılmış xüsusi otaqlar TƏBİB-in təlimatına uyğun zəruri avadanlıqlarla təchiz olunub. İcbari tibbi sığortaya keçəndən sonra dərman və tibbi ləvazimatla təminat nəzərəçarpacaq dərəcədə yaxşılaşıb. Vaksinasiya ilə əlaqədar 4 həkim, 12 nəfər orta tibbi işçisi ayrılıb. Həm də rayonda aparılan izahat işlərin səmərəli nəticəsidir ki, indi hər kəs üzərinə düşən məsuliyyəti bilir, karantin rejimini gözləməklə növbəli şəkildə əstəxanaya gəlir və peyvənd olunurlar.
Söhbət əsasında Lerik Rayon Mərkəzi xəstəxanası publik-hüquqi şəxsin direktoru Maqsud Ağayev bildirdi ki, vaksinasiya prosesində əsas məqsədi COVID-19 pandemiyasının qarşısını almaq, virusa yoluxma və ölüm səviyyəsini aşağı salmaqla bu xəstəliyə tam qalib gəlməkdir. Rayonumuzda COVID-19 pandemiyasına yoluxma halları xeyli azalıb. Buna baxmayaraq, pandemiyaya qarşı mübarizə tədbirləri günbəgün güclənir, epidemioloji vəziyyəti daim nəzarətdə saxlayırıq. Həkim briqadaları vaxtaşırı kəndlərdə olur, əhali arasında tibbi izahat işlərini görürlər. Fiziki məsafənin saxlaması, tibbi maskalardan istifadə, gigiyenik qaydalara əməl olunması ilə əlaqədar müntəzəm reydlər keçirilir, aşkar olunan nöqsanlar vaxtında aradan qaldırılır. Hazırda rayonda epidemioloji durum tam nəzarət altındadır, vaksinasiya prosesi da uğurla davam edir. Sözün qısası, öldürücü virusa az itki ilə qalib gəlmək üçün bütün qüvvələr düzgün səfərbər olunub.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü