Yasamal rayonu, Əli bəy Hüseynzadə 53 ünvanının sakinləri evlərinin və obyektlərinin “İbrahim Q” MTK tərəfindən qəzalı vəziyyətə düşməsi ilə bağlı narazılıq edir. Həmin ərazidə olan obyektin sahibi Eldar Rzayev iddia edir ki, binanın yararsız vəziyyətə düşməsinə səbəb yaxınlıqdaki “İbrahim Q” MTK tərəfindən aparılan söküntü işləri olub.
E.Rzayev bildirir ki, onun obyekti heç bir xəbərdarlıq edilmədən sökülüb: “Onlar binanı sökməyə başlayanda binada icarədarlar var idi. Onlar isə bir sənədlərini, bir də canlarını götürüb qaça bildilər. Ekspertin qərarı var ki, bura üçüncü şəxs tərəfindən müdaxilə olunub. Baş vermis hadisə ilə bağlı məhkəməyə müraciət etmişik. İnanıram ki,məhkəmə ədalətli qərar çıxaracaq”.
Qeyd edilir ki, MTK tərəfindən ərazidə söküntü işləri aparılan zaman təkcə obyektə yox, həm də ona bitişik evlərə zərər dəyib. Həmin ərazidə “İbrahim Q” MTK-nın apardığı söküntü işi digər evləri də qəzalı vəziyyətə salıb. Sakinlər qeyd edir ki, şirkərin apardığı söküntü işi nəticəsində evlərə müxtəlif dərəcəli ziyan dəyib.
“Həmin ərazidə olan obyekt və binaların divarlarının istismar müddəti çoxdan bitmişdi”
Məsələ ilə bağlı “İbrahim Q” MTK -nın hüquqşünası Qəmbər Həsənov bildirdi ki, sözügedən şirkət sakinlərin evlərinə və digər obyektlərə zərər verməyib: “Şikayət edən sakinlərin evləri söküntüdən öncə də yararsız vəziyyətdə idi. Hətta bununla bağlı aidiyyəti qurumların rəyi də var.
Həmin ərazidə olan obyekt və binaların divarlarının istismar müddəti çoxdan bitmişdi. Divarlar oynayırdı. Bunun bizlə hər hansı bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı qanunvericiliyin tələbinə əsasən məhkəməyə müraciət etmişik. Məhkəmənin qərarı necə olarsa, biz onunla razılaşacağıq”.
Günel CƏLİLOVA