Xəzər rayonu Şağan qəsəbəsinin Yeni Sahə adlanan küçəsində ciddi su problemi yaşanır. Adıçəkilən qəsəbənin sakinləri illərdir su təminatını həll etmək üçün suyu su maşınlarından alırlar.
Bu barədə sosial şəbəkədə şikayətlər paylaşan sakinlər bildirirlər ki, bununla bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət etsələr də, problem həllini tapmır: “Deyirlər ki, ana su xəttindən 50-70 metr məsafədə yerləşən evlərə su xətlərinin çəkilməsi ilə bağlı layihə yoxdur, layihə nə vaxt olacaqsa, onda da çəkiləcək. Halbuki, həmin ərazidən 90-100 metr məsafədə olan evlərə su xətləri çəkilib, bir neçə vəzifəli şəxsin evləri orada olduğu üçün bu təmin edilib. Bizə isə bildirilir ki, yalnız 30 metrə qədər su xətti çəkilə bilər, digər məsafəni özünüz çəkməlisiniz, lakin bunun üçün də gərək layihə təsdiqlənsin.
Çarəsiz qalıb suyu su maşınlarından alırıq. Hər həftə suyu maşınla almaq büdcəyə sərf etmir. Qazandığımızı elə su maşınlarına veririk. XXI əsrdə verdə ilə su daşımaq, suyu maşınla almaq düzgün deyil. Bu problem birdəfəlik həll olunmalıdır”.
“Azərsu” - Anar Cəbrayıllı: “Həmin ərazidə infrastruktur yoxdur”
Məsələ ilə bağlı “Azərsu” ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Cəbrayıllı qeyd etdi ki, həmin ərazidə infrastruktur yoxdur: “Şağan qəsəbəsi yeni inkişaf ərazisidir. Baş Planda infrastrukturun yaradılması nəzərdə tutulur”.
Mayis Əliyev: “Su almaqla su problemi həll edilməz”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, bəzi ərazilərdə su problemi hələ də həll olunmayıb: “Müxtəlif bəhanələr gətirilərək ərazilərə suyun verilməməsi düzgün deyil. Bu sahədə çoxlu işlərin görülməsinə ehtiyac var. Su almaqla su problemi həll edilməz”.
Günel CƏLİLOVA