Tədris ili yaxınlaşdıqca paytaxtın kirayə mənzil bazarına axın da çoxalır. Bu aylarda ən çox kirayə mənzil axtaranlar tələbələr olduğundan, əsasən ali təhsil müəssisələrinə yaxın ərazilərdə qiymət fərqi nəzərə çarpır. Bu, tələbələrin yeganə problemi deyil. Kirayə mənzillərdə yaşayan tələbələrin təhsili, sağlamlığı, hətta həyatı da təhlükə altındadır.
Məlumdur ki, kirayə mənzil axtaran tələbələr öz ciblərinə uyğun rahat şəraiti olan mənzil tapmaqda çətinlik çəkirlər. Kirayə evlərin qiyməti, adətən, 300-400 manat arasında dəyişir ki, bu da bölgələrdən Bakıya üz tutmuş tələbələrin cibinə uyğun deyil.
Bölgələrdən paytaxta ali təhsil almaq üçün gələnlərin mənzil təminatının həlli üçün özəl yataqxanaların yaradılması təklif olunur. Maraqlıdır, özəl yataqxanalar tələbələrin kirayə probleminin həll yolu ola bilərmi?
“Tələbənin əsas işi oxumaq olmalıdır, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac, hər il olduğu kimi, cari ildə də qalır. Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır: “Bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Bu baxımdan, özəl yataqxanalar tələbələrin kirayə probleminin həlli yolu ola bilər".
Ekspert onu da əlavə etdi ki, dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da xüsusi şəhərcikdir ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub: “Eyni zamanda, bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abituriyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır. Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər”.
Günel CƏLİLOVA