Karantin qaydalarını pozan bir sıra vətəndaşlar var ki, cərimələri ödəməkdən yayınır. Amma Daxili İşlər Nazirliyinin (DİN) tətbiq edəcəyi yeni qaydalar karantin qaydalarını pozan vətəndaşların cərimə ödəməkdən yayınmasına imkan verməyəcək.
Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə axtarışa verilə bilər.
Bunu KİV-ə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən, karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir: “Cərimə ödənilməsə, müvafiq qaydada ədliyyə orqanlarına borc yükü ilə bağlı məlumat göndərilir. Vətəndaş bilməlidir ki, barəsində tətbiq olunan pul cəriməsi onun üzərində borc yükü kimi qalır. Məhkəmə tərəfindən inzibati icraata uyğun olaraq onun ödənilməsi üçün müvafiq tədbirlərin görülməsi təmin ediləcək”.
O qeyd edib ki, 30 gün ərzində cərimə ödənilməsə, probasiya və məhkəmə xətti ilə onun ödənilməsi təmin ediləcək: “Əgər şəxs tapılmasa və cəriməni ödəməsə, axtarışa verilir və həmin axtarışla bağlı müvafiq dövlət qurumundan polisə məlumat daxil olur. Axtarış üzrə isə vətəndaş tapılaraq, cərimənin ödənilməsi təmin edilir”.
“Konkret tələbin qoyulması vətəndaş məsuliyyətinin artmasına səbəb olacaq”
“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Şəmsəddin Əliyev bizimlə söhbətində bildirdi ki, DİN-in vətəndaşlara xəbərdarlıq mesajından nəticə çıxarılmalıdır. Ş.Əliyevin sözlərinə görə, müvafiq qurumların verdiyi qərarlar vətəndaş məsuliyyətsizliyinin qarşısını ala bilmədiyi üçün yeni tədbirlər görülməsinə ehtiyac yaranır. “Burada vətəndaşların görmədiyi, sezmədiyi məqamlar var. Görürsüz ki, yoluxmanın miqyası, dairəsi günü-gündən genişlənir. Hara gedirsən qaydaların pozulduğunun şahidi olursan. Apteklərdə, mağazalarda, ictimai nəqliyyatda, küçədə-bacada maskasız gəzənlər, sosial məsafə gözləməyənlər çoxdur. Elə apteklərin özündə maskasız-əlcəksiz əczaçılara rast gəlmək olur. Bir vətəndaş digər vətəndaşı maskasız görəndə buna reaksiya vermək istəmir. Bu məsuliyyətsiz davranışlar yoluxmanın dairəsini genişləndirir. “Delta” ştammı daha çox təhlükəlidir və daha çevik yoluxdurmaq qabiliyyətinə malikdir. Vətəndaşlar bunu bilməlidir. Vətəndaşlar tərəfindən karantin qaydalarının pozulması yolverilməzdir, bu bütün cəmiyyətin əleyhinə olan bir haldır. Karantin qaydalarını pozanlar üçün cərimələr müəyyən edilib, amma elə vətəndaşlar var ki, cəriməni ödəməkdən yayınır. Bu da qanunazidd əməldir. Vətəndaş müvafiq qanunu pozubsa mütləq buna görə cəzasını almalıdır. Vətəndaşların 30 gün müddətində cərimələrini ödəməsi tələbi tamamilə qanunidir. Ümumiyyətlə, konkret tələbin qoyulması vətəndaş məsuliyyətinin artmasına səbəb olacaq. Vətəndaş biləcək ki, maska taxmasa, sosial məsafə gözləməsə, korionaviruslu halda ictimai yerlərdə görünsə cərimələnəcək və cəriməni də 30 gün ərzində ödəyəcək. Ona görə də bundan çəkinəcək. Əgər vətəndaş qarşısına belə bir tələb qoyulursa, bu başqa vətəndaşların hüquqlarının qorunmasına xidmət edir. Birinin azadlığı başqasının azadlığının başladığı sərhəddə bitir. Bir nəfər ağlına gələni edirsə, cəmiyyətə zərər vurursa, başqalarının sağlamlığını zərbə altında qoyursa, o mütləq mənada məsuliyyət daşıyır”.
Ş.Əliyev qeyd etdi ki, koronavirusla mübarizə sahəsində məsuliyyətin bir hissəsi vətəndaşın üzərinə düşür və vətəndaş qaydaları pozmaqla həm özünə, həm də yaxın ətrafına, bütövlükdə isə cəmiyyətə ziyan vurur: “Bu baxımdan tətbiq olunan yeni qaydalar vətəndaşların məsuliyyətinin artmasına gətirib çıxaracaq. Bu tamamilə qanuni tələbdir”.
İradə SARIYEVA