Pandemiya şəraitində vətəndaşlarımız tibbi maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara riayət etməlidir. Ancaq təəssüf ki, bəzi şəxslər sadə qaydalara əməl etmir. Insanlar ictimai nəqliyyatdan istifadə edərkən, qapalı məkanlarda olarkən mütləq tibbi maska taxmalıdırlar. Lakin bəzi şəxslər qeyd etdiyimiz məkanlarda olarkən yalnız polis gördükdə maskadan istifadə edir.
Şəxs virus daşıyıcısıdırsa, maska taxana qədər ətrafında olan insanları da koronavirusa yoluxdurur. Bu səbəbdən də ictimai nəqliyyat və qapalı məkanlarda polislərlə yanaşı, mülki geyimli polislər də reyd aparır.
Mülki geyimli polislərin qapalı məkanlarda tibbi maska ilə bağlı reyd keçirməsi insanların məsuliyyətli olmasına səbəb olacaq.
“Maska taxmayan şəxs polisin yaxınlaşdığını görüncə cibində və ya çantasında olan maskanı istifadə edir, ancaq indi…”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, polis zərurət olduqda mülki geyimdə xidmət edə bilər: “Danılmaz faktdır ki, metro, avtobusdan istifadə edənlər, eyni zamanda, qapalı məkanlara gedən şəxslərin bir qismi tibbi maskadan istifadə etmir. Maska taxmayan şəxs polisin yaxınlaşdığını görüncə cibində və ya çantasında olan maskanı istifadə edir. Bu hərəkəti edənlər ətrafdakı şəxslərin sağlığını düşünmür, cərimə olunmamaq üçün maska taxır. Ancaq onlar başa düşmür ki, qapalı məkanda 1 saniyəlik maskanın çıxarılması faciələrə səbəb ola bilər. Mülki geyimdə xidmətə cəlb olunanların işi virus risqinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda fəaliyyətlə məhdudlaşmır. Eləcə də elektron vasitələrin imkanlarından geniş istifadə olunmaqla, vətəndaşların qaydalara necə əməl etməsinin onlayn rejimdə videomüşahidələri aparılır. Mülki geyimlilərin apardığı məlum reydlər insanların məsuliyyətli olmasına səbəb olacaq”.
Günel CƏLİLOVA