“Bugünə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülüb. Onu demək kifayətdir ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilibdir. Təkcə keçən il 1572 mənzil verilibdir, bu il 3 minə yaxın mənzil veriləcəkdir və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq”.
Bu barədə Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib.
Bu sahədə Azərbaycanın dünya miqyasında nümunəvi ölkə olduğunu bildirən dövlət başçısı deyib: “Biz hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayırırıq ki, bu məsələlər öz həllini tapsın və növbəti müddət ərzində bu proqram tam icra olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müvafiq göstərişlər verilib, gələn ilin büdcəsi formalaşdıqda, əlbəttə ki, bu məsələ öz həllini tapacaq. Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adı alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar”.
Prezident İ.Əliyev çıxışında qeyd edib ki, mənzil növbəsində olan vətəndaşlar və şəhid ailələri mənzillə təmin ediləcək.
“Şəhid ailələri, müharibə əlillərinə, aztəminatlı əhaliyə qayğı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənib”
“Vəfa” Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəyli bildirdi ki, şəhid ailələri və müharibə əlillərinə dövlət qayğısının daha da artırılması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir: “Bugünədək 10 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin olunub. Dövlət başçısı bu məsələlərdə də dediyi sözə, verdiyi vədə sadiqdir. Belə ki, şəhid ailələri və müharibə əlillərinə qayğı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənib. Bütün bunlar Prezidentin 2021-ci il 25 yanvar tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamına əsasən həyata keçirilir. Ölkə başçısının tapşırığı ilə keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Bu ilin sonunadək həm Birinci, həm İkinci Qarabağ müharibələrində şəhid olanların Bakıda, Sumqayıtda və Abşeron rayonunda yaşayan ailələrinə mənzillərin verilməsi proqramı da hazırlanıb. Dövlət bu proqramı Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcək. Digər şəhər və rayonlarda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsi nəzərdə tutulur: “Göstərilən rəqəmlər bir daha dövlətin bu kateqoriyadan olan insanlara diqqətinin bariz nümunəsi, Prezident qayğısının real təzahürüdür. Beləliklə, dövlət hər zaman bu kateqoriyadan olan vətəndaşlarının yanındadır və onlarla bağlı bütün məsələlər daim dövlət başçısının diqqət mərkəzindədir”.
Günel CƏLİLOVA