Koronavirusa yoluxub-yoluxmadığını tez öyrənmək istəyən vətəndaşların vəziyyəti o qədər asan deyil. Bundan başqa, xarici ölkələrə getmək istəyən şəxsdən COVID-19 PCR testi tələb olunur. Paytaxtda fəaliyyət göstərən özəl klinikalar və bir neçə şəhər poliknikasında keçirilən testlərin qiyməti və cavabın əldə olunma müddəti müxtəlifdir.
Bu günlərdə “HB Güvən" klinikasında götürülən COVİD testləri ilə bağlı maraqlı məlumat yayılıb. Bildirilir ki, bu xəstəxanada ekspress COVİD testləri götürülür və həmin testlərin nəticələri TƏBİB-in sistemində qeydə alınmır. Yəni nəticənin neqativ və ya pozitiv çıxmasından asılı olmayaraq bunu yalnız vətəndaş özü biləcək. Nəticədə onun xəstə olması barədə məlumat ümumrespublika statistikasında da əksini tapmayacaq. Bu testlərin isə qiyməti 70 manatdır. Yox, əgər vətəndaş testin nəticəsinin TƏBİB-in sisteminə düşməsini istəyirsə, bu zaman əlavə 30 manat da ödəməli olur.
“Xəstəxanada COVİD-19 təyini üçün analiz vermək istəyən hər bir şəxsə müayinələrin qiymətləri, sistemə salınıb-salınmaması, müayinələrin həssaslıq faizi və hazırlanma müddəti arasında fərq barədə ətraflı məlumat verilir”
Məsələ ilə bağlı “HB Güvən” klinikasından bildirildi ki, xəstəxanada COVİD-19 təyini üçün analiz vermək istəyən hər bir şəxsə müayinələrin qiymətləri, sistemə salınıb-salınmaması, müayinələrin həssaslıq faizi və hazırlanma müddəti arasında fərq barədə ətraflı məlumat verilir və pasientin istəyinə görə hansı analizin götürüləcəyi təyin edilir. COVID-19-un diaqnostikasında istifadə olunan testlər bunlardır:
1. SARS-CoV-2 PZR (PCR). Molekulyar test olaraq adlandırılan bu COVID-19 testi, polimerazalı zəncir reaksiyası (PZR-PCR) adı verilən laborator metod istifadə olunaraq virusun genetik materiyalını (DNT və ya RNT) müəyyən edir. Burun-udlaqdan (nazofarinks) götürülmüş nümunədən işlənilir. Nəticə təxminən 12-24 saat ərzində hazır olur. İstifadə olunan diaqnostik metodlar arasında həssaslıq və spesifikliyi ən yüksək olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləyici test olaraq qəbul olunmuşdur. Yalnız bu (PZR) testlərin nəticəsi TƏBİB-in portalına qeyd olunur.
2. SARS-CoV-2 Antigen testi. Bu COVID-19 testi virusdakı müəyyən zülalları təyin edir. Burun-udlaqdan (nazofarinks) götürülmüş nümunədən işlənilir. Nəticə təxminən 2 saat ərzində hazır olur. Həssaslıq və spesifikliyi molekulyar metod ilə müqayisədə daha aşağıdır. Nümunə növü PZR ilə eyni olduğu üçün (yaxma) insanlar bəzən bunu PZR analizi ilə eyni bilir və nəticəsinin portala salındığını düşünür. Lakin SARS-CoV-2 Antigen testinin nəticələri portala qeyd olunmur. Bu test yalnız skrininq məqsədi ilə istifadə olunur, məlumat xarakterlidir.
3. Anti-SARS-CoV-2 IgM. Qanda COVID-19 infeksiyasına qarşı yaranmış anticisimləri təyin edir. Adətən infeksiyanın kəskin fazasında müsbət olur. Nümunə kimi qandan istifadə olunur. Nəticə 2-8 saat ərzində hazır olur. Nəticəsi portala qeyd olunmur.
4. Anti-SARS-CoV-2 IgG. Qanda COVID-19 infeksiyasına qarşı yaranmış anticisimləri təyin edir. Adətən xəstəliyin sağalma fazasında müsbət olur. Nümunə kimi qandan istifadə olunur. Nəticə 2-8 saat ərzində hazır olur. Nəticəsi portala qeyd olunmur”.
Günel CƏLİLOVA