Mədəniyyət nazirinin keçmiş müavini, korrupsiyada və rüşvət almaqda təqsirli bilinərək bu günlərdə 8 il həbs cəzası verilən Rafiq Bayramov pulları tək yeməyib, istintaq materiallarında deyildiyi kimi, “otkat” və aylıq haqq olaraq ona çatdırılan pulları nazir Əbülfəs Qarayevə verib. Əbülfəs Qarayev isə bu pullardan 15-20 faizini öz müavininə geri qaytarıb.
Istintaq materiallarına əsasən, R.Bayramov Mədəniyyət Nazirliyinin yerli idarələrindən, musiqi məktəblərindən yığılan aylıq haqqın və təmir-bərpa işləri üçün şirkətlərə ödənilən pullardan gələn “otkat”ın hamısını Ə.Qarayevə çatdırdığını etiraf edib. Və bildirib ki, bu pullardan ona çatan 15-20 faiz olub. Beləliklə, istintaq materiallarında deyilir ki, R.Bayramov 2018-ci ildə mədəniyyət naziri Əbülfəs Qarayevlə razılaşdırmaqla regional idarələrin müdirlərinə musiqi məktəblərində çalışan müəllimlərin dərs saatlarının süni şəkildə artırılmasını və yaranan fərqin nağdlaşdırılaraq pul şəklində ona çatdırılmasını təşkil etməyi tapşırıb. Bu sxem işə düşəndən sonra pullar ya R.Bayramovun özünə, ya da nazirliyin şöbə müdiri Pərvin İsgəndərliyə çatdırılıb. R.Bayramov 2019-cu ildə bu sxemlə cəmi 550-600 min manat toplayıb və həmin pulları il ərzində hissə-hissə olmaqla Əbülfəs Qarayevə verib. Ə.Qarayev isə bu vəsaitin 15-20 faiz hissəsini ona nağd şəkildə qaytarıb. R.Bayramov deyib ki, həmin pulun bir qismini hər ay “mükafat şəklində” öz işçilərinə paylayıb. Bütün bu faktlar istintaq materiallarında Rafiq Bayramovun dindirilməsi nəticəsində toplanıb, amma maraqlıdır ki, keçmiş nazirə qarşı ittiham irəli sürülməyib. O cümlədən, məhkəmədə onun dindirilməsi, ifadəsinin alınması baş verməyib. Bu cür faktların qarşılığında Əblüfəs Qarayevin məsuliyyətdən tam kənarda qalmasını necə izah etmək olar?
Hüquqşunas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu ifadələr və materiallarla mətbuatdan tanış olub: “Bu, vəzifə cinayətləri sırasına daxil olsa da, mütəşəkkillik var. Burada heç bir yüngülləşdirici haldan söhbət gedə bilməz. Barələrində ittiham səsləndirilən şəxslər kifayət qədər anlaqlı dövlət məmurlarıdır. Etdikləri əməllərin fərqində olublar. Buna görə də, hər bir məmurun əməlinə mütləq mənada hüquqi qiymət verilməlidir. Əgər istintaqda Əbülfəs Qarayevin əleyinə belə ifadə verilibsə, mütləq mənada onun özü də məsuliyyətə cəlb edilməliydi. Həmin adamlarla üzləşmələr aparılmalıydı. İbtidai istintaqda belə davranılması həm də mənəvi məsuliyyət yaratmış olardı. Hər bir məmur özünə qarşı da belə təhlükənin ola biləcəyini gözləməlidir. Dövlət başçısı az qala hər çıxışında məmurlara xəbərdarlıq edir. Dünənki xidmətinə görə sağ ol, ancaq bu gün sənin vəzifə başında cinayətlərin varsa, bu immunitet sayıla bilməz. İstintaqın obyektiv aparılmasına şübhəm yoxdur. Ancaq ictimaiyyətin də gözləntiləri var ki, cinayətdə əli olan bütün məmurlar məsuliyyətə cəlb edilməlidir. Bizim müqəddəs Quran kitabımızda həzrəti Loğmanın öz övladına nəsihəti var. Deyir, oğlum, kimin bu dünyada xardal dənəsi qədər günahı varsa, onun da cavabını o dünyada verəcək. İlahi ədalət onsuz da öz yerini tapacaq. Mən düşünürəm ki, hansısa məmurun zərrə qədər olsa da günahı varsa, mütləq hüquqi məsuliyyətə də cəlb edilməlidir. Artıq iş üzrə ittiham hökmü çıxarılıbsa, deməli, məhkəmə də sabiq nazirin məsuliyyətə cəlbini baxılmamış saxlayıb. Gözləyək görək, bununla bağlı daha yuxarı məhkəmə instansiyaları hansı qərarı verəcək? “
Məhəmmədəli QƏRİBLİ