Elm və təhsil ictimaiyyətində belə fikirlər var ki, ali məktəblərə imtahan verərkən ödənişdən azad edilənlərin siyahısına qazilər də daxil edilməli, onlar da bu güzəştlilər kateqoriyasına aid olunmalıdır.
Qazilərin təhsil haqqından azad edilməsi və onların dövlət hesabına ali təhsil alması məsələsi çox aktualdı.
Kamran Əsədov: “Sözügedən kateqoriyaya tək Qarabağ müharibəsi əlilləri deyil, həmçinin qazilər də daxil olunmalıdır”
Tanınmış təhsil eksperti Kamran Əsədov bildirir ki, ali təhsilin əlçatanlığı geniş müstəvidə təmin edilməlidir və qazilər də bu güzəşt kateqoriyasına daxil edilməlidir. “İmtahan verərkən ödənişdən azad edilənlərin siyahısı genişləndirilməlidir. Qazilər də bu güzəşt kateqoriyasına daxil edilməlidir”.
K.Əsədovun sözlərinə görə, tələbə qəbulu qaydalarında edilən dəyişikliklə birinci dəfə imtahan verəndə xidmət haqqından azad olunanların siyahısı genişləndirilib. “Məcburi köçkünlər, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid və əlil olanların övladları da bundan sonra imtahanlarda iştirakdan pulsuz olaraq yararlanacaqlar. Amma hesab edirəm ki, bu siyahını bir qədər genişləndirmək lazımdır. Ölkədə sosial həssas ailə qrupu var. Hər iki valideyni işsiz, valideynin biri və ya hər ikisi əlil olanlara da bu güzəştlər şamil edilməlidir. Sözügedən kateqoriyaya tək Qarabağ müharibəsi əlilləri deyil, həmçinin qazilər də daxil olunmalıdır. Müharibədə iştirak edən hər bir şəxs bizim üçün canlı şəhiddir. Bu müstəvidə hüququ bərabərləşdirməliyik. Bir sözlə, bu kateqoriyaya bütün qazilərin, habelə hərbi xidmət dövründə xəsarət alanların da daxil edilməsini arzulayıram. Dövlətin buna maddi imkanları çatır”-deyə K.Əsədov bildirir.
Vüsalə Ağabəyli: “Müharibə iştirakçılarının, qazilərin özləri və ailələri üçün də təhsil haqqından azad olma imtiyazı cəmiyyət tərəfindən müsbət qarşılanar”
Filologiya üzrə fəlsəfə doktoru, dosent, elm və ali təhsil üzrə tanınmış ekspert Vüsalə Ağabəyli də hesab edir ki, qazilərimizin təhsil haqqından azad edilənlər kateqoriyasına daxil edilməsi mütləqdir və bu təxirə salınmadan həyata keçirilməlidir. “Əlbəttə, imtiyazların artırılması, müxtəlif kateqoriyalı insanların bu güzəştdən yararlanması təhsilə marağı və motivasiyanı artırır. Əlilliyi olan vətəndaşlar və habelə onların övladları da bu güzəştdən yararlana bilir. Təbii ki, biz millət və dövlət olaraq, şəhidlərə və qazilərə borcluyuq, bu baxımdan da, müharibə iştirakçılarının, qazilərin özləri və ailələri üçün də təhsil haqqından azad olma imtiyazı cəmiyyət tərəfindən müsbət qarşılanar”-deyə V.Ağabəyli bildirdi.
İradə SARIYEVA