Koronavirus pandemiyasının geniş miqyas aldığı bir dövrdə yaşı 18-dən yuxarı olan və peyvəndə qarşı heç bir əks göstəricisi olmayan şəxslərin peyvəndlənməsinin vacib olduğu məlumdur. Bildiyimiz kimi, Azərbaycanda başqa ölkələrin vətəndaşları olan azərbaycanlılar da daimi yaşayır, onların bəziləri müvəqqəti, bəziləri daimi oturum almaqla, bir qisim insanlar 90 gündən bir sərhədi keçməklə yenidən Azərbaycanda yaşaya bilirlər.
Son günlər yayılan məlumata görə, Azərbaycanda yaşayan Gürcüstan vətəndaşlarına peyvənd vurulmur. Pandemiya ilə əlaqədar olaraq Gürcüstan Azərbaycan sərhəddi bağlı olduğundan Gürcüstan vətəndaşı olan soydaşlarımız Azərbaycanda qalıblar. İndi isə onlar, müraciət etmələrinə baxmayaraq, peyvənd vurdura bilmirlər.
Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan azərbaycanlıların peyvəndlənmə məsələsinin həll edilməsi üçün hansı addımlar atıla bilər, yaxud atılmalıdır?
Dəyanət Osmanlı: “Əlaqədar qurumlar tərəfindən təcili qərar qəbul edilməlidir ki, müvəqqəti burada yaşayan soydaşlarımız peyvəndləmə...”
“Borçalı” İctimai Birliyinin sədr müavini Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, Gürcüstan vətəndaşı olan soydaşlarımız peyvəndlə təmin olunmalıdır, bu istiqamətdə müvafiq qurumlar addımlar atmalıdır: “Onlar pandemiya səbəbindən, ya da nəyə görəsə burada qalıblarsa, mütləq ölkə vətəndaşları kimi peyvənd olunmalıdırlar. Bu prosesdə heç bir problem yaradılmamalıdır. Bu həm sağlamlıq, həm də milli-mənəvi məsələdir. Ayrı-seçkilik edilməməlidir. Birinci növbədə, onlar bizim soydaşlarımızdır, ikincisi isə, peyvənd olunmadıqları halda bu, xəstəliyin daha çox yayılmasına təsir göstərə bilər. Əlaqədar qurumlar tərəfindən təcili qərar qəbul edilməlidir ki, müvəqqəti burada yaşayan soydaşlarımız peyvəndləmə kampaniyasından kənarda qalmasın”.
Elnur Kələntərov: “Bu bizim səlahiyyətimizə aid olan məsələ deyil”
Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərov isə sualımıza “Siz TƏBİB-lə əlaqə saxlayın. Bu bizim səlahiyyətimizə aid olan məsələ deyil” cavabını verdi.
Azər Allahverənov: “...bu ölkənin Azərbaycandakı səfirliyi burada qalan Gürcüstan vətəndaşları üçün peyvəndlənmə prosesini təşkil edə və həyata keçirə bilər”
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Avrasiya Miqrasiya Təşəbbüsləri Platformasının rəhbəri Azər Allahverənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan ərazisində müvəqqəti, yaxud daimi yaşamaq icazəsi olmadan pandemiya, yaxud sərhədlərin bağlanması səbəbindən yalnız Gürcüstan vətəndaşları deyil, başqa ölkələrin vətəndaşları da vaksin oluna bilməzlər: “Mövcud qanunvericilikdə beynəlxalq aləmdə qəbul olunmuş bir yanaşma ondan ibarətdir. Bilirsiz ki, bəzi dövlətlərdə peyvənd sayı ilə bağlı problemlər var, onlar öz əhalilərinə peyvəndi güclə çatdırırlar, amma inkişaf etmiş ölkələrdə peyvəndlə bağlı problem yoxdur. Əksər dövlətlərdə əhaliyə belə peyvənd çatmadığı səbəbindən müəyyən xoşagəlməz hallar yaşanır. Məhz bu prinsipdən irəli gələrək daha çox üstünlük yerli əhaliyə və ölkə ərazisində qalan müvəqqəti və daimi oturumu olan şəxslərə, xarici vətəndaşlara verilir. Bütün dünyada belə qəbul olunmuş qayda var. Sual oluna bilər ki, pandemiya səbəbindən sərhədlər bağlandığı üçün Azərbaycanda qalmış xarici ölkə vətəndaşları nə edə bilərlər? Bununla bağlı beynəlxalq təcrübə iki yol göstərir. Birincisi, həmin ölkənin səfirliyi vasitəsilə peyvəndlənmə həyata keçirilə bilər. Konkret olaraq söhbət Gürcüstan Respublikasının vətəndaşlarından gedirsə, bu ölkənin Azərbaycandakı səfirliyi burada qalan Gürcüstan vətəndaşları üçün peyvəndlənmə prosesini təşkil edə və həyata keçirə bilər. Bir şərtlə ki, öz dövləti bu məsələdə səfirliyə dəstək göstərsin. Bu, məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfinə gəlincə, bu, diaspor təşkilatları vasitəsilə, diaspor qurumlarının təşkilatçılığı ilə peyvəndlənmədir ki, artıq başqa ölkələrdə tətbiq olunub. Bu da imkanları geniş olan diaspor qurumları tərəfindən təşkil edilən bir prosesdir. Nəzərə alsaq ki, burada Gürcüstan Respublikasının diasporu yoxdur, ən yaxşı halda bu məsələdə səfirlik onlara dəstək ola bilər...”
Dövlət Miqrasiya Xidmətinin bu məsələyə dəstəyinə gəlincə, A.Allahverənovun sözlərinə görə, qurum Azərbaycan Respublikası ərazisində müvəqqəti və daimi yaşayan əcnəbilərin peyvəndlənməsi ilə bağlı zəruri tədbirlər həyata keçirir. “Təəssüflər olsun ki, digər qisimdə olan insanların peyvəndlənməsində Dövlət Miqrasiya Xidməti müvafiq dəstək göstərə bilmir, amma bununla belə, aidiyyəti üzrə müəyyən danışıqlar da aparılır, ictimai şura olaraq biz də aidiyyəti qurumlar qarşısında bu məsələni qaldırmışıq. Amma təəssüflər olsun ki, hələ bir nəticəyə gələ bilməmişik”-deyə A.Allahverənov qeyd etdi.
İradə SARIYEVA