Son zamanlar sayğacdəyişmə məsələsi tez-tez təkrarlanır. Külli miqdarda dövlət vəsaiti xərclənərək geniş infrastrukturu qurulan sayğacların heç bir əsas olmadan yeniləri ilə əvəzlənməsi ictimaiyyətdə narazılıqla qarşılanır. Yeni sayğac quraşdırılan abonentlərin fikrincə, yeni sayğaclar daha çox pul yazır.
Sosial şəbəkədə müzakirəyə çıxarılan məsələyə “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev də belə reaksiya verib: “Əhali abonentləri üzrə sayğac 5 ildən bir dövlət yoxlamasına çıxarılır, əgər ünvan və ya ad dəyişikliyi yoxdursa müqavilə birdəfəlik bağlanır. Çıxarılan sayğac isə dövlət yoxlamasından uğurla keçdikdən sonra yenidən istehsalata qaytarılır. Bu qaydalar bütün ölkələrdə belədir, ola bilər bəzi ölkələrdə illər fərqli olsun. Amma bütün ölkələrdə var. Səbəb isə sayğac ölçü avadanlığıdı. Müəyyən zamandan sonra xəta ilə işləməsi mütləqdir. Hətta bir çox ölkələrdə xəta nəticəsində itirilmiş enerji abonentdən tələb olunur”.
“Sayğac normal işləyir və pul yükləmək istəyirsən, bir də görürsən ki, səndən soruşmamış sayğacı dəyişdiriblər, qoyduqları təlimat da uyğun gəlmir”
Ümumiyyətlə, son zamanlar işıq və qaz sayğaclarının tez-tez dəyişdirilməsi abonentlərin haqlı narazılığına səbəb olur. Iqtisadçı ekspert Kamran Məmmədli bildirdi ki, qaz sayğaclarının tez-tez dəyişdirilməsi faktı artıb: “Qaz sayğacı normal işləyir və pul yükləmək istəyirsən, bir də görürsən ki, səndən soruşmamış sayğacı dəyişdiriblər, qoyduqları təlimat da uyğun gəlmir. Hətta pul yükləmək də problemə çevrilir. Bunları belə əsaslandırırlar ki, guya sayğaclar bir neçə ildən bir dəyişdirilməlidir, yoxlamaq üçün aparılır və yenisi qoyulur. Sayğac normal işləyirsə, onu tez-tez niyə dəyişir və dövlətin pulunu boş-boş yerlərə xərcləyirlər?”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, dünya ölkələrinin heç birində tez-tez sayğac dəyişdirilmələri proseduru aparılmır: “Sayğacların uzun müddət istifadə müddəti var və bu müddət bitmədən onun dəyişdirilməsi çox nadir hallarda baş verir”.
Günel CƏLİLOVA