Bəzi kənd və qəsəbələrdə yaşayanlar aptekdən dərman preparatları və tibbi ləvazimat almaq üçün kilometlərlə məsafə qət etməli olurlar. Buna səbəb isə yaşadıqları yerlərdə aptekin olmamasıdır. Bəzi kəndlərdə aptekin olmaması həmin an xəstəlikdən əziyyət çəkən şəxsin sağlığı üçün problemdir.
Bu hal Tərtər rayonunun Mamırlı və Poladlı kəndlərində yaşanır. Həmin ərazinin sakinləri bildirir ki, kənd əhalisi bir dərman almaqdan ötrü bir neçə kilometr məsafə qət edib rayon mərkəzinə gedir. Bu da onlar üçün əlavə xərc və vaxt itkisi deməkdir: “Qar yağıb yollar bağlananda dərman asılılığı olan xəstə sakinlər əlacsız qalır. Adi başağrısı dərmanına görə ya rayon mərkəzinə qaçmalı olursan, ya da başqa rayona. Bu həm vaxt itkisi, həm əlavə xərc və ən əsası, dərman gözləyən şəxs üçün risqdir”.
Səhiyyə Nazirliyi - Elvin Hacıyev: “Hansı ərazidə aptekin olub-olmamasına nazirlik nəzarət etmir, onlar özəl qurumlardır”
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirdi ki, apteklər Səhiyyə Nazirliyinin tabeliyində deyil: “Hansı ərazidə aptekin olub-olmamasına nazirlik nəzarət etmir. Onlar özəl qurumlardır. Aptek açmaq istəyənlər bununla bağlı nazirliyə müraciət edirlər. Bu müraciətlə bağlı nazirliyin müəyyən etdiyi qaydalar var”.
Pərvanə Mustafayeva: “Rayon və kəndlərdə müəyyən məsafələrdə apteklər olmalıdır”
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, rayon və kəndlərdə müəyyən məsafələrdə apteklər olmalıdır. Sahibkarlar bu işə maraq göstərməlidirlər. Eyni zamanda, müvafiq orqanlar da bu məsələni nəzarətə götürməlidir: “Bəzi şəxslər vəziyyətdən istifadə edib evlərdə dərman satışı ilə məşğul olurlar. Bu isə düzgün deyil. Dərmanların hansı şəraitdə saxlanılmasını bilməyən insanlar bu davranışları ilə həm özlərini, həm də ətrafdakı insanların həyatını risqə atmış olurlar”.
Günel CƏLİLOVA