Hazırda Lerikin dağ kəndlərində qışın şaxtasından salamat çıxmaqdan ötür yanacaq tədarükü görülür. Rayonun əksər yaşayış məntəqələrində qaz yoxdur. Bu səbəbdən də əhali meşələrə üz tutmalı olur. Harada necədir, deyə bilmərəm, amma Lerikdə odun məsələsi işini sırf meşə gözətçiləri görür. Onların dediyinə görə, maşın-maşın satdıqları odunun pulunu “yuxarıda oturanlara” verirlər. Əgər belə olmasa, meşə gözətçiləri bir ay da işləyə bilməzlər. Burada “xəlvəti dərədə tülkü bəylik edir” misalı adamın yadına düşür.
Bu deyilənlər o qədər də kənd əhalisinin marağında deyil. Qışın şaxtasına indidən üşüyənləri nəyin bahasına olursa-olsun yalnız odun tədarükü düşdürür. Gecə-gündüz Lerik meşələrindən odun doğrayan mişarların səsi kəsilmir. Hər gün yüzlərlə maşın odun daşınır. Buna baxmayaraq, bu bolluğun imkansız ailələrə heç bir xeyri yoxdur. Çünki dəyəri 50 manat olan odun meşə işçiləri tərəfindən 150 manata satılır.
Bradi kənd sakini Güloğlan Babayev deyir: - Bizim yerlərdə qış olduqca şaxtalı keçir. Ötən qışın şaxtasından aldığım 400 manatlıq odunla ailəmi güclə qurtardım. Odunun qiyməti yenə də qaldırılıb. Bu hesabla qışda evimi isitmək, soyuqdan qorunmaq üçün ən azı 600 manat oduna verməliyəm. Dövlətdən 250 manat maaş alıram, meşə işçilərinin qanı qiymətiə satdıqları oduna əlim çatmır...
Hazırda Lerikin çox kəndində odun tədarükü ilə bağlı vəziyyət acınacaqlıdır. Əhali üşüyə-üşüyə şaxtalı qışa getdiyi halda, meşə “tacirləri” kəsdikləri cavan ağaclar hesabına qaz vurub qazan doldurur.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü