Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər, fəsillər keçdikcə, onların göstərdiyi igidliklər dillərdə gəzir, nəsildən-nəslə ötürülür, heç kəs unudulmur, heç nə yaddan çıxmır. İllər ötsə belə, Vətən yolunda şəhid olanları hər kəs hörmətlə anır. Çünki hər şəhid Vətənin mənəvi ucalığıdır.
Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün Azərbaycanın bütün bölgələrində, şəhərlərində küçələrə, məktəblərə onların adı verilib. Həmçinin, şəhid adının əbədləşdirilməsi üçün onların adına abidələr qoyulub, parklar salınıb. Qeyd etdiyimiz kimi, hər şəhid Vətənin qürurudur. Onların xatirəsinə ölkənin hər bir ərazisində abidələr, şəhid bulaqları yaradılıb. İnsanlar həmin bulaqların suyunu içməklə həm şəhidini tanıyır, həm də onun ruhunu yad edir.
Qeyd edək ki, keçən əsrin 90-cı illərindən başlayaraq şəhid bulaqlarının tikintisi həyata keçirilib. Bu bulaqlar ya yerli icra hakimiyyəti orqanları, imkanlı şəxslər tərəfindən, ya da şəhid ailələrinin vəsaiti hesabına inşa olunub. Lakin bu bulaqlara müəyyən vaxta qədər su verilsə də, son bir neçə ildə şəhid bulaqlarının bəzilərinin suyu kəsilib. Təbii ki, bu xoşagəlməz hal bəzi aidiyyəti orqanların səhlənkarlığı və laqeydliyi nəticəsində yaranıb.
Təəssüf ki, Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri olan Əhmədli Qardaşxan Elxan oğlunun adına tikilən bulaq da susuz qalıb.
Bakının Xəzər rayonunda yerləşən şəhid bulağının susuz qalması ilə bağlı yerli icra hakimiyyətinə, “Azərsu” ASC-yə və Prezident Administrasiyasına müraciətlər ünvanlanıb. Lakin heç bir nəticəsi olmayıb. Bugünə kimi şəhid bulağı quruyub və su verilmir.
Qeyd edək ki, tək Əhmədli Qardaşxan Elxan oğlunun adına tikilən bulaq deyil, bir çox ərazilərdə şəhid adı daşıyan bulaqlara su gəlmir. Həmin şəhid bulaqlarının susuz qalması isə vətən yolunda canından keçənlərin ailə üzvlərinə və şəhidə hörmətsizlikdir.
“Əhmədli Qardaşxan Elxan oğlunun adına tikilən bulağın susuz qalmasında həmin əraziyə məsul olan şəxslərin günahı böyükdür”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, ölkənin əksər ərazilərinə şəhid bulağı var. Onların bəziləri hazırda işlək vəziyyətdədir. İstənilən şəxs həmin bulaqdan su içməklə şəhidlərin ruhuna dua oxuyur. Ancaq elə şəhid bulağı da var ki, kranına əl vuranda suyun gəldiyini görmək olmur: “Bir çox ərazilərdə olan şəhid bulaqları baxımsız vəziyyətdədir. Krandan su gəlmir və həmin yer zibillik içindədir. Şəhid bulağının baxımsız vəziyyətə düşməsi səbəblərindən biri də həmin əraziyə cavabdeh olan insanların məsuliyyətsizliyidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Əhmədli Qardaşxan Elxan oğlunun adına tikilən bulağın susuz qalmasında həmin əraziyə məsul olan şəxslərin günahı böyükdür. Onların məsuliyyətsizliyi ucbatından şəhidlərin adını daşıyan bulaqlar susuz qalıb.
Günel CƏLİLOVA