Azərbaycanda artıq koronavirusun üçüncü dalğası başlayıb. Bu barədə səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.
Nazir müavini qeyd edib ki, koronavirusla mübarizə üçün ölkədə yetəri sayda çarpayı fondu, dərman vasitələri və mütəxəssislər mövcuddur.
Qeyd edək ki, bir çox mütəxəssislər Azərbaycanda pandemiyanın üçüncü dalğasının payız aylarında başlayacağını proqnozlaşdırırdı. Lakin gördüyümüz kimi, üçüncü dalğanın başlandığı rəsmən elan edilib.
Mütəxəssislər deyir ki, yay aylarında yoluxmanın bu qədər artacağı gözlənilmirdi, yoluxanların sayının 3-4 minə qalxması payızda gözlənilirdi, lakin toylara və başqa kütləvi tədbirlərin keçirilməsinə icazə verilməsi, ticarət mərkəzlərinin açılması, insanların qaydalara barmaqarası yanaşması üçüncü dalğanın başlanmasını sürətləndirdi.
“Üçüncü dalğanın tez başlanmasına şərait yaradan amillərdən biri də, təbii ki, saxta vaksin sertifikatları ola bilər”
Sağlamlığa Xidmət İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “Bakı-Xəbər”ə bildirdi ki, bəli, artıq biz koronavirusun üçüncü dalğasının içindəyik:“Üçüncü dalğa artıq çoxdan başlayıb. Onun başlamasının əsas səbəbi “Delta” virusu da ola bilər. Həm bizim ölkədə, həm də qonşu ölkələrdə “Delta” ştammına yoluxma çox sürətlə gedir. Başqa ştammlardan fərqli olaraq, “Delta” ştammı yüksək yoluxma qabiliyyətinə malikdir. İlk və ikinci dalğada ölkəmizdə virusa yoluxmayan insanlar da artıq bu virusa yoluxublar. Üçüncü dalğanın tez başlanmasına şərait yaradan amillərdən biri də, təbii ki, saxta vaksin sertifikatları ola bilər. Bununla yanaşı, ölkəmizdə peyvənd olunmayanlar da kifayət qədərdir. Bizim ölkədə əhalinin 24 faizi peyvənd olunub. İlkin peyvənd olunanların da artıq üçüncü dozasının vaxtı gəlib çatıb. Onlar da yenidən peyvənd edilməlidirlər. İlk dəfə yoluxanların da artıq təbii immuniteti bədəndə bitib. Bu səbəbdən də üçüncü dalğanın başlanması payızda gözlənilirdi, ancaq bir qədər tez başladı. Yəni hava dəyişəndə viruslar oyanır, bu səbəbdən də belə proqnozlaşdırılmışdı ki, növbəti dalğa payızda olacaq, amma gözlənildiyindən tez baş verdi”.
P.Vəliyevanın sözlərinə görə, havanın soyuması ilə payız fəslinə keçid dövründə virusa yoluxma halları daha da şiddətlənəcək. P.Vəliyevanın dediyinə görə, hazırda ölkə rəsmiləri xəstəxanalarda çarpayı fondunun kifayət qədər olduğunu, dərmanların və sairin mövcudluğunu desələr də, lakin bu, payız aylarına bəs etməyəcək: “Müəyyən qapanmalara da gediləcəkdir. Düzdü, üçüncü dalğa erkən başladı. Mən payızda müəyyən qapanmaların, müəyyən məhdudiyyətlərin qüvvəyə minəcəyini düşünürəm”.
İradə SARIYEVA